Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasına dair beynəlxalq seminar başa çatıb

Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasına dair beynəlxalq seminar başa çatıb

Bakı, 18 oktyabr, AZƏRTAC

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) və Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPİ) tərəfindən birgə təşkil olunan “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” mövzusunda beynəlxalq seminar başa çatıb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, iki gün davam edən seminarda “Texnoloji sahibkarlıq və ideya əsaslı startap”, “2019-cu il üzrə inkişaf və nailiyyət layihəsi”, “Koreyada STİ potensialının inkişafı üzrə səyyar təlimdən sonra tətbiq və inkişaf”, “Texnologiyaların kommersiyalaşdırılmasında texnoparkların rolu”, “Koreya texnoparkı inteqrasiya olunmuş biznes platforması kimi” mövzularında təqdimatlar olub, elm, texnologiya və innovasiya siyasətinin iqtisadiyyatda mühüm rolu və əldə edilən nailiyyətlər haqqında məruzələr dinlənilib. Tədbirdə, həmçinin Azərbaycanın elm və texnologiya siyasətinin cari vəziyyəti müzakirə olunub.

Seminarın keçirilməsində əsas məqsəd Koreyanın innovasiyaların sənayedə tətbiqinə dair təcrübəsinin öyrənilməsi, həmçinin iki ölkə arasında elm və texnologiya sahəsində davamlı əməkdaşlığa nail olmaq idi.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Mənbə: azertag.az