Ford Bronco R prototipini hazırlayıb - FOTO/VIDEO

Ford Bronco R prototipini hazırlayıb - FOTO/VIDEO

Yarım əsr bundan öncə Rod Holun komandası məşhur Baja 1000 ralli-reydində qələbə çalıb. O zaman komandanın pilotları Ford Bronco modelinin ilk nəslinin bazasında hazırlanmış prototipdə çıxış ediblər. Bronco modelini dirçəltməyə hazırlaşan Ford şirkəti bu əlamətdar hadisəni qeyd etmək məqsədi ilə yeni Bronco R adlı prototipi inşa edib. Bu dəfə prototipin əsasını hələ təqdim edilməmiş Bronco modeli təşkil edib.

Uzunluğu 1000 mil olan yarışda prototipin sükanına məşhur idmançının nəvəsi Şelbi Holl oturacaqdır. Bu yarış yeni Ford Bronco modelinin şassisi üçün daha bir ciddi sınaq olacaqdır. Söhbət əlbəttə ki, onun dözümlülüyündən gedir. Qeyd etmək lazımdır ki, yeni tizerin dərc edilməsi hər kəs üçün sürpriz olub: avtomobil üzərindəki işlər həddən ziyadə gizli şəraitdə aparılıb.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Ford şirkəti ictimayyətə təqdim edilən prototipin yeni Bronco modelini təsəvvür etmək üçün ən yaxşı imkan olduğunu bildirib. Marafonda çıxış edəcək prototip yeni ofrouderin əsaslı şəkildə təkmilləşdirilmiş platformasında inşa edilib. Şassi Fox yarış komponentlərinə sahib olmuş, asqının gedişi ön oxda 355 mm, arxa oxda isə 450 mm qədər artırılıb. Səhradakı qumu prototip 37-düymlük BF Goodrich şinləri ilə təchiz edilmiş 17-düymlük təkər disklər ilə yaracaqdır. Prototipin kuzov panellərinin bir hissəsi karbondan hazırlanıb. İşıq texnikası isə çoxsaylı LED zolaqlara malikdir.

Məlum məsələdir ki, prototipin interyeri seriya modelindən çox uzaqdır. Ofrouder tamamilə şüşələrdən məhrum edilib, lakin iri təhlükəsizlik karkası və yarış cihazları ilə təchiz edilib. Arxada qalan yeganə oturacağa yalnız damdakı lyukdan daxil olmaq mümkündür. Prototipin mühərriki barədə məlumat verilməsə də, onun Ford Mustang modelindən götürülmüş 2,7-litrlik V6 biturbo mühərrikinin olacağı ehtimal edilir.

 

Milli.Az

 

Mənbə: news.milli.az