Azərbaycan istehsalı ilk NATO kalibrli yerli hücum tüfəngi - EM-14 (HƏRBİ EKSPERT)

Azərbaycan istehsalı ilk NATO kalibrli yerli hücum tüfəngi - EM-14 (HƏRBİ EKSPERT)

EM-14 Azərbaycan istehsalı olan, ilk NATO kalibrli avtomat silah hesab edilir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən hazırlanan EM-14 indeksli avtomat ilk dəfə Abu Dabidə keçirilən İDEX-2015 sərgisində nümayiş olunub.

Silahın seriya istehsalına 2016-cı ildən başlanılıb və müəllifi mühəndis Emin Əhmədovdur. Əsasən ixrac üçün nəzərdə tutulub. Avtomatik silah qatlanan qundağa sahibdir. Qundaq, xəzinə və dəstək hissələri davamlı plastik materialdan hazırlanır. Paslanmaya qarşı keyfiyyətli qoruma təbəqəsi metal detalları mühafizə edir. Silahın yan tərəfində gecə görmə cihazlarının quraşdırılması üçün “Pikatinni” lövhəsi nəzərdə tutulur. Lüləaltı qumbaraatandan atəş açılması üçün qurğu mövcuddur. Lülə əyləci geri təpmənin azalmasına və atəş dəqiqliyinin artmasına imkan verir.

Rəsmi məlumatlara görə, tək Almaniya Ordusu 2019-2026- cı illərdə bu sinifdən 120.000 ədəd tüfəng almağı planlaşdırır. Estoniya isə bu silahlar üçün gələn ildən 75 milyon dollar xərcləməyi düşünür. Digər dövlətlərin də bu tip silahlara marağının gündən-günə artdığını nəzərə alsaq, MSN-nin bu istiqamətdəki fəaliyyəti qənaətbəxş hesab edilə bilər. Tək onu demək kifayətdir ki, dünyada silah və sursat seçiminə ən ciddi yanaşan qurumlardan biri olan ABŞ-ın Xüsusi Əməliyyatlar Komandanlığı da məhz bu kalibrli atıcı silahlara üstünlük verir.

 

Taktiki-Texniki Xüsusiyyətləri

 

MSN müəssisəsi tərəfindən hazırlanan 5.56×45 mm çaplı EM-14 avtomatı NATO- nun STANAG 4172 standartına uyğundur, 6 pilləli tənzimlənən qundağa, kollimatora, lülə üzərində “Pikatinni” relsinə və şəffaf darağa malikdir.

İstehsalçı şirkətin mütəxəssislərinin sözlərinə görə, avtomatın çəkisi 3.6 kq, mərmi çapı 5.56×45 mm, xəzinə tutumu 30 mərmi, eni 75mm, hündürlüyü 260mm, kollimator nişangah ilə 295 mm, lülə uzunluğu 415 mm, güllənin lülədən çıxış sürəti 910m/saniyə, maksimum nişanalma məsafəsi 1000 metr, effektiv atəş məsafəsi isə 450 metrdir. Silahın lüləsinin resursu 10.000 atəşə qədərdir. Avtomatik rejimdə atəş tezliyi dəqiqədə 650, tək-tək atəş rejimində isə dəqiqədə 40 atışa bərabərdir. Mərminin yüksək fırlanma sürəti rəqib döyüşçünün bədənə toxunan kimi “vurnuxmağa” başlaması və ovalşəkilli dəlik açması ilə fərqlənir.

Silah xarici görünüşünə görə, Sovet istehsalı olan “Kalaşnikov” silahlarından az fərqlənir. Lakin daxili konstruksiyası və iş prinsipi nisbətən fərqlidir. 5.56 x 45 mm çaplı avtomatik tüfəng barıt qazlarının enerjisi və çaxmaq dönməsi ilə lülənin kilidlənməsi sxemindən istifadə edir. Hərəkət edən çaxmaq çərçivəsi çaxmağı çevirir və onu lülə ilə təmasdan ayırır. Daha sonra çaxmaq və onun çərçivəsi kamerada mövcud olan barıt qazlarının təsiri altında hərəkət edərək, qaytarıcı yayı geriyə sıxan anda boş gilizi kənarlaşdırır. Yəni atəşin açılması barıt qazlarının təzyiqi sayəsində qaz porşenli çaxmaq çərçivəsinin geri təpməsi və çaxmağın fırlanması nəticəsində baş verir.

Geriyə təpmənin azaldılması silahın dəqiqliyinin artmasına səbəb olub. 2015-ci ildə təqdim edilən EM-14 avtomatında 6 pilləli teleskopik qundaq tətbiq edilib və bu da silahın atıcının bədən anatomiyasına uyğun uzunluğunun tənzimlənməsinə imkan verir. Başqa sözlə, silahın uzunluğunu qundağın tənzimlənməsi ilə 705 ilə 943 mm arasında dəyişmək mümkündür. EM-14 silahlarında 14.5 mm “İstiqlal” və 12.7 mm “Mübariz” snayper tüfənglərində olduğu kimi, yerli STON nişangahlarından da istifadə edilir. Xatırladaq ki, MSN-in “Alov” zavodunda bu gün 12-dən çox adda müxtəlif optik qurğular istehsal edilir. Onların arasında atıcı silah, top və minaatan nişangahları ilə yanaşı kollimatorlar, gecə görmə cihazları da yer alır.

Yerli mühəndislər tərəfindən layihələndirilən və hazırlanan EM-14 avtomat tüfənginin seriyalı istehsalına təxminən iki il əvvəl başlanıldığı ehtimal edilir. Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə həsr edilən hərbi paradda Dövlət Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının silahlanmasında EM-14 avtomatlarından istifadə edildiyi məlum oldu. Digər xüsusi təyinatlı bölmələrin də bu silahlara keçməsi gözləniləndir. Çünki EM-14 silahları yüngül çəkiyə, tənzimlənən uzunluğa, yüksək dəqiqliyə, üstün davamlılığa, “Pikatinni” lövhəsinə, müxtəlif çeşiddə nişangah quraşdırılması imkanına malikdir.

EM-14 sinifinə aid bəzi xarici ölkə istehsalı olan avtomatik silahlarla qarşılıqlı müqayisə aparmaqla bu sistemlərin zəif və güclü tərəflərini araşdırmağa cəhd edək. XX əsrin 60-cı illərinin əvvəllərində kiçik çaplı atıcı silah sahəsində inqilabi bir hadisə baş verdi. Nəticədə ənənəvi 7.62 mm çaplı mərmilərdən daha dəqiq və daha uzaq məsafələrdə daha yaxşı nüfuzetmə qabiliyyətinə malik 5.56x45 mm mərmilər istehsal edildi. Lider silah istehsalçıları təcili olaraq bu mərmilərlə atəş aça biləcək yeni silahlar yaratmağa başladılar.

Bu sinif silahların real çatışmazlıqları haqqında fikir yürütmək üçün onların hərbi əməliyyatlarda döyüş tətbiqini gözləmək lazımdır. İstənilən silahın müsbət və mənfi cəhətlərini tapmaq mümkündür, lakin real döyüş şəraitində bir neçə il istifadəsini analiz etmədən silaha verilən qiymət obyektiv olmaya bilər. Atəş məsafəsinin kifayət qədər uzaq olmasını da vurğulamaq yerinə düşər.

Bu silahın digər sinifə çevrilməsinin mümkünlüyü haqqında məlumatımız yoxdur, böyük ehtimalla belə bir funksiya nəzərdə tutulmur.

 

AUG “Steyr”

 

Avstriyanın hərbi sənaye nəhəngi “Steyr-Daimler-Puch” (indiki “Steyr-Mannlicher”) şirkəti AUG və ya Universal Ordunun Tüfəngini təqdim etdi. Bu dünyada ilk plastik korpusa malik silah modulu hesab edilir. Unikal silah hesab edilən AUG özündə dövrün tüfənglərə qarşı irəli sürülən ən yaxşı keyfiyyətlərini; Belçikanın FN FAL tüfənginin dəqiqliyini, Rusiyanın Kalaşnikov tüfənglərinin etibarlılığını, ABŞ-ın M16 tüfənglərinin avtomatik atəş rejimindəki sərrastlığını və İngiltərənin EM-2 tüfənglərinin “Bull-pap” konstruksiyasını özündə birləşdirdi.

AUG bu tüfəngi “Steyr” ilə birgə hazırladığı üçün onu rəsmən AUG “Steyr” adlandırdılar.

Fırlanma ilə sürüşən çaxmağın lülənin kilidləməsi metodu ilə atəş açan tüfəngin iş prinsipi yanan qazların xaric edilməsinə əsaslanır.

 

Taktiki-Texniki Xüsusiyyətləri: - Mərmi çapı 5.56 × 45 mm;
- Xəzinə tutumu 30 və 42 ədəd;
- Çəkisi (mərmisiz) 3.05 kq (avtomatik); 3.3 kq (karabin); 3.6 kq (tüfəng); 4.9 kq (ağır lülə ilə) Lülə uzunluğu
- 350 mm (avtomat);
- 407 mm (karabin);
- 508 mm (tüfəng);
- 621 mm (ağır lülə ilə)
- Güllənin ilkin sürəti 970 m/s;
- Atəş tempi dəqiqədə 650 ədəd;
- Nişangah optik hədəf görüntüsünü 1.5 dəfə böyütməyə imkan verir. AUG “Steyr” həqiqətən universal bir silahdır. Müxtəlif uzunluqlarda asanlıqla dəyişdirilə bilən lülələr sayəsində o, tam bir silah ailəsinə:
- 350 mm-lik lülə ilə hava desant qüvvələri üçün kiçik bir avtomatik silaha;
- 407 mm- lik lülə ilə karbinə;
- 508 mm-lik lülə ilə hücum tüfənginə;
- 621 mm-lik lülə ilə əl pulemyotuna çevrilir.

 

Bu sinifdən olan digər bir silah Böyük Britaniyanın “Enfield SA-80” proqramı çərçivəsində hazırlanan L85A1 və L85A2 hücum tüfəngləridir.

L85A1 tipli tüfənglərdə SUSAT optik nişangahları əvəzinə daşınmanı asanlaşdıran tutacaqlar da quraşdırıla bilər.

 

SUSAT optik nişangahı ilə modernləşdirilən L85A2 tüfənginin əsas texniki xüsusiyyətləri: - Çapı 5.56x45 mm;
- Xəzinə 30 mərmi;
- SUSAT optik nişangahı ilə kütləsi (mərmisiz) 4.13 kq;
- SUSAT, 30 mərmi və kəmər ilə 5 kq; Lülə uzunluğu
- 770 mm (karabin versiyasında 709 mm);
- 518 mm (karabin versiyasında 442 mm);
- Güllənin ilkin sürəti 970 m/s;
- Atəş tezliyi dəqiqədə 650 mərmi;
- Effektiv atəş məsafəsi təxminən 500 metr (SUSAT nişangahından istifadə edərək);
- İş prinsipi atılan barıt qazların enerjisinə əsaslanır;
- Sürüşən çaxmağın fırlanması ilə lülənin kilidləməsi metodundan istifadə edilib.

 

1960-cı ildə İngiltərədə əvvəlki az impulslu L1A1 tüfənglərini (Belçikanın FN FAL tüfənginin lisenziyalı modeli) əvəz etmək üçün yeni silahın yaradılmasına başlandı. Bir çox müxtəlif çaplı modellər yaradılsa da, sonunda bütün NATO üzvü ölkələr üçün 1977-ci ildə qəbul edilən qərara görə, yeni 5.56x45 mm mərmilərin qəbul edilməsi ingilisləri sınaq mərhələsində olan prototiplərini XL-70 adlandıraraq yeni standartlara uyğunlaşdırmağa məcbur etdi. 1982-ci ildə Folklend adalarına görə İngiltərə və Argentina arasındakı münaqişə ilə əlaqədar yeni tüfəng L85A1 markası ilə yalnız 1984-cü ildə silahlanmaya qəbul edildi. 1980-ci illərin sonlarında SA 80 proqramı çərçivəsində bu tüfəngin bazasında L86A1 əl-pulemyotu da ordunun silahlanmasına qəbul edildi. Bundan əlavə, L85A1 tüfənginin əsasında qazları uzaqlaşdıran mexanizmi olmayan L98A1 təlim tüfəngi hazırlandı.

Daha sonra isə AUG “Steyr” hücum tüfənginin A1, A2, A3, Z, NBAR-T, LMG və “Parabellum” mərmili tapança-pulemyot modelləri də istehsal edildi.

İstənilən AUG “Steyr” hücum tüfənginin modelini standart modul vasitəsilə avtomata, karabinə, snayper tüfənginə, əl pulemyotuna və ya tapança-pulemyota çevirmək mümkündür. Standart versiyada 508 mm-lik lülədən istifadə edilir.

AUG “Steyr” hücum tüfəngi hazırda Avstriya, Yeni Zelandiya, Mərakeş, Boliviya və Fransa ordularında, həmçinin ABŞ-ın sahil mühafizəsində və bəzi ştatların polis bölmələrində istifadə edilir. Onun universal atıcı dəstə sahib olması bütöv bir motoatıcı və ya piyada taqımının bütün növ yüngül silahlara olan tələbatını qarşılamağa imkan verir.

Baza komplektasiyası əsasən 300 metr məsafədə effektiv atəş açmağa imkan verir. Şəhər döyüşləri üçün daha uyğun hesab edilir.

AUG “Steyr” hücum tüfəngi “bull-pap” sinfində ən yaxşılardan biri kimi tanınmasına baxmayaraq, onun da çatışmazlıqları yox deyil. Çaxmaq dəstəyi hərdən sıradan çıxır, tez-tez sursat təchizatında ləngimələr olur, atıcının qısa məsafələrə qaçışı zamanı qoruyucu mövqeyini dəyişir, xəzinələrin çatlaması da istisna deyil. Bu çatışmazlıqlar əksər atıcı silahlara xas olan xüsusiyyətlərdir.

Bu silahların döyüş istifadəsi zamanı ortaya çıxan çatışmayan cəhətlərindən biri də silahın texniki imkanları ilə bağlıdır. Tam universal model olsa da, atəş məsafəsinin az olması AUG “Steyr” tüfənglərinə analoji modellərlə müqayisədə üstünlük gətirmir.

 

M16

 

ABŞ istehsalı olan M16 silahı klassik konstruksiyalı tüfəngdir. Lülə qutusunun sol tərəfində, çaxmağı yerinə göndərmək üçün qaytarıcı yayın enerjisi kifayət etmədikdə, onu əl ilə qaytarmaq üçün digər modellərdə rast gəlmədiyimiz xüsusi qurğu nəzərə çarpır.

Hava ilə soyudulan 5.56x45 mm çaplı M16 avtomatik tüfəngi barıt qazlarının enerjisi və çaxmaq dönməsi ilə lülənin kilidlənməsi sxemindən istifadə edir. Hərəkət edən çaxmaq çərçivəsi çaxmağı çevirir və onu lülə ilə təmasdan ayırır. Daha sonra çərçivə və çaxmaq qalan qazların təsiri altında hərəkət edərək, qaytarıcı yayı sıxmaqla eyni anda boş gilizi kənarlaşdırır.

Silahların təmizlənməsi üçün qundaqda ləvazimat penalı yerləşdirilir.

Düzələn qaytarıcı yay çaxmaq dəstini geriyə itələyir, çaxmaq xəzinədən yeni mərmi götürür və onu yenidən mərmi yuvasına ötürərək lüləni kilidləyir. Bununla da avtomatika dövrü tamamlanır. Atəşdən sonra isə bu dövr təkrarlanır.

M16-nın konstruksiyasında, silahın yendən doldurulmasını asanlaşdırmaq üçün çaxmaq dəstəyinin ən son arxa vəziyyətinə çəkilməsində çaxmaq çərçivəsinin gecikməsi nəzərdə tutulur. Bu xəzinədə sursat bitdiyində yalnız xəzinəni dəyişərək qəbuledici çərçivənin sol tərəfində yerləşən ləngimə düyməsinə basmaqla atəşi davam etdirmək olar, qısaca olaraq yenidən silahı yoxlamağa və çaxmaq dəstəyini geriyə çəkərək onu doldurmağa ehtiyac qalmır.

Tüfənglərin istehsalı üçün polad, alüminium və plastik materiallardan istifadə olunur.

 

M20A lüləaltı qumbaraatan ilə M16A2

 

Bundan əlavə, M16 tüfəngləri A2 modifikasiyasından başlayaraq, sol çiyindən atəş açmağa şərait yaratmaq məqsədilə giliz tullanan pəncərənin üstü, gilizləri atıcının gözündən əks tərəfə yönəldən qapaqla təchiz edilir.

Tüfənglər 40 mm M203 lüləaltı qumbaraatan ilə (ABŞ Ordusunun hər manqasında bu qumbaraatanla təchiz edilən iki avtomatik silah var) təchiz oluna bilir. Müasir M16 silah modelləri bir çox əlavə nişangah və ya digər qurğular yerləşdirməyə imkan verən “Pikatinni” lövhəsi ilə təmin edilir.

 

Döyüş tətbiqi

 

M16 ilk dəfə hərbi əməliyyatlarda 1962-1966-cı illərdə İndoneziya-Malayziya qarşıdurması zamanı Britaniya ordusunun xüsusi təyinatlı bölmələri tərəfindən istifadə edilsə də, tüfənglərə ABŞ və Cənubi Vyetnam orduları tərəfindən geniş istifadə dünya şöhrəti qazandırdı.

1965-ci ildən etibarən Vyetnamda “eksperimental” adı altında istehsal edilən XM16E1 tüfənglərinin döyüş təcrübəsi onların aşağı etibarlılığını aşkar etdi. Silahlar uyğun texniki xidmət dəsti və təlimatı olmadan döyüş bölmələrinə verilmişdi. Nəticədə, silahlar dərhal çirklənir və döyüş zamanı kilidlənirdi. Döyüşün gedişində silahı təmizləməyə cəhd edən əsgərlərin cəsədinin sökülü tüfənglərlə bir yerdə tapılması faktları sənədləşdiriləndə ortaya dəhşətli rəqəmlər çıxdı. Bu isə ABŞ Konqresi tərəfindən xüsusi araşdırmaların aparılmasına səbəb oldu.

1967-ci ilin fevralında müasir XM16E1 tüfənglərinin yenilənən M16A1 modeli silahlanmaya qəbul edildi. Yeni tüfənglə birlikdə texniki xidmət penal dəsti və gülünc şəkildə istifadəçi təlimatı da verildi. Bu tədbirlər nəticəsində silahların kilidlənməsi halları minimuma endirildi və M16A1 Vyetnamdakı bütün hərbi birliklər tərəfindən istifadə olunmağa başladı. 1969-cu ildə M16A1 tüfəngləri M14 tüfənglərini əvəz edərək ABŞ ordusunun standart silahına çevrildi.

Bu tüfənglərin böyük bir partiyası 1975-ci ildə Şimali Vyetnam ordusu tərəfindən ələ keçirildi. Müxtəlif modifikasiyadan olan 946.000 ədəd M16 və milyarda qədər mərminin Vyetnam hərbi hissələrinin sursat anbarlarında olması barədə məlumatlar yayılmışdı.

Bu tüfənglərdən 1973-cü ildə Misir xüsusi təyinatlıları tərəfindən “Qiyamət Günü” müharibəsində də istifadə edilib.

Kifayət qədər geniş model sırasına malik M16 ailəsi dünyanın ən müasir orduları da daxil olmaqla, toplam 75 ölkə tərəfindən silahlanmaya qəbul edilib. Bu ənənənin daha da genişlənəcəyi istisna edilmir.

M16 tüfəngləri AR15 adı altında da istehsal edilir. Bu silahlar mülki məqsədlər üçün- ovçuluq, atıçılıq və idman məqsədilə də fərqli mərmilərlə istifadə edilməkdədir.

Çatışmazlıqlar

İstənilən silahda olduğu kimi, kifayət qədər bahalı M16 tüfənglərinin də çatışmayan cəhətləri mövcuddur. Eyni silahı bütün iqlim və müxtəlif ərazi şəraitində eyni effektivlik dərəcəsində istismar etmək, hələki heç kimə nəsib olmayıb. Lakin bəzi çatışmazlıqlar konkret silahların xarakterik xüsusiyyətlərinə aiddir. ABŞ və NATO ordusu üçün istehsal edilən silahlar adətən professional əsgərlər üçün nəzərdə tutulur. Keyfiyyətli texniki xidmət olmadan M16 Sizi yarı yolda qoya bilər. Təcrübəsiz çağırışçı əsgər üçün bu tüfəngin etibarlı olması inandırıcı deyil. Gənc çağırışçılar hesabına komplektləşdirilən ordular üçün sadə “Kalaşnikov” avtomatları daha uyğundur.

 

Nəticə

 

Budəfəki məqalədə NATO kalibrli silahlar sinifinə aid olan Azərbaycanın EM-14, Avstriyanın hərbi sənaye nəhəngi “Steyr-Daimler-Puch” (indiki “Steyr-Mannlicher”) şirkətinin AUG “Stayr” və ABŞ-ın məşhur M16 avtomatik tüfənglərinin texniki xüsusiyyətlərini, döyüş tətbiqini, müsbət və mənfi cəhətlərini araşdıraraq belə bir nəticəyə gəldik:

- Azərbaycan istehsalı silahın bazara yeni daxil olması və döyüş əməliyyatlarında iştirak etməməsi, həmçinin universal bazaya malik olmamasını təəssüflə qeyd etməliyik. Lakin silahın yeni olmasından dolayı tətbiq olunan yeniliklərin sürpriz olaraq saxlanılması da istisna edilmir. Silahın daha uzaq atəş məsafəsi, uyğun qiymət, 6 pilləli tənzimlənən qundaq, kollimator, lülə üzərində “Pikatinni” relsi və şəffaf daraq üstün cəhətlərdəndir.

- AUG “Steyr” hücum tüfəngi “bull-pup” sinifində ən yaxşılardan biri kimi tanınmasına baxmayaraq, onun da çatışmazlıqları yox deyil. Yaxın atəş məsafəsi, çaxmaq dəstəyinin erkən sıradan çıxması, sursat təchizatında ləngimələr, atıcının qısa məsafələrə qaçışı zamanı qoruyucunun mövqeyini dəyişməsi, xəzinələrin çatlaması və s. bu silahların əsas çatışmazlıqları hesab edilir.

- M16 tüfənglərinin uzun müddət döyüş əməliyyatlarında istifadə edilərək davamlı olaraq modernləşdirilməsi və əsasən inkişaf edən 75 ölkə tərəfindən istifadə edilməsi bir çox mətləblərdən xəbər versə də, bu tüfənglərin çatışmazlıqları arasında onun yüksək dəyərini, texniki qulluq məsələsində həssaslığını, avtomatik atəş rejimində bəzən “boşluq”larının olmasını qeyd etmək olar. Sonuncu M16A1 modeli bu “boşluğu” hələ də qoruyur.

Deməli, bu gün silah bazarında istənilən tələbata, şəraitə, zövqə və ordunun komplektləşdirmə tərkibinə uyğun olan müxtəlif tipli universal və standart bazalı silah sistemləri mövcuddur. Hansının daha üstün olmasını iddia etmək üçün o silahları real döyüşdə bir-birinə qarşı, heç olmasa fərdi istifadə edilməsinin nəticələri ilə tanış olmaq və ya atəş poliqonunda müstəqil silah mütəxəssisləri tərəfindən bütün iqlim, vaxt, temperatur, ərazi şərtlərində uzun müddət sınamaq vacibdir. Əks halda bu qiymətləndirmə obyektiv olmaya da bilər.

Hərbi ekspert Ədalət Verdiyev

Mənbə: ordu.az