İNTERNET CƏMİYYƏTİ NECƏ DƏYİŞİB?

İNTERNET CƏMİYYƏTİ NECƏ DƏYİŞİB?

İnsan xoşbəxtliyinin öyrənilməsinə həsr olunmuş ən maraqlı elmi işlərdən biri artıq 80 ildir davam edir. Uzun illər subyektlərin sağlamlıq vəziyyətini öyrənən tədqiqatçılar onların həyatlarında baş verən dəyişiklikləri, o cümlədən karyeralarında və şəxsi həyatlarındakı zəfərləri, uğursuzluqları izləyiblər. Ən maraqlı fakt odur ki, hər iki ildən bir bu günə qədər alimlər eksperimentdə iştirak edənlərə zəng edərək, onların vəziyyəti ilə maraqlanır və onların cavablarını qeyd edirlər. Tədqiqatlar göstərib ki, bütün həyatı boyu insanları pul və şöhrətdən daha çox yaxın münasibətlər xoşbəxt edir.

Belə çıxır ki, xoşbəxt olmaq üçün insanlara başqa insanlar və onlarla dərin, səmimi münasibət qurmaq lazımdır. Keçmişdə insanlar canlı ünsiyyət qururdularsa, bu gün nadir halda evdən çıxırıq. Dostlarla görüşəndə isə daha çox smartfonlarımıza diqqət ayırırıq. Son onilliklər ərzində insanlar arasında ünsiyyət çox dəyişib. Bəs bu dəyişikliklər həyatımıza, xoşbəxtliyimizə necə təsir edəcək? Çox güman, bu suala tezliklə cavab ala bilməyəcəyik. Bu yaxınlarda Harvardın alimləri ikinci geniş miqyaslı araşdırmaya başlayıblar. İndi onlar sınaqda iştirak edən ilk iki qrupun övladlarının həyatını müşahidə edəcəklər. Beləliklə, ilkin nəticələrlə ən yaxşı halda 15-20 ildən sonra tanış ola biləcəyik. Ona görə bu gün texnologiyaların dünyamızı və bizim özümüzü necə dəyişdiyini yalnız təxmin edə bilərik.

Bu gün sadəcə “Google” axtarış sistemindən istifadə etməklə lazım olan informasiyanı əldə edə bilmək imkanı insanlarla canlı ünsiyyətə olan ehtiyacı xeyli azaldıb. İnternet olduğu halda sizə lazım olan informasiyanı əldə etmək üçün dostunuzla görüşməyə, ya da ona zəng etməyə nə ehtiyac var ki? Bu da tədricən ona gətirib çıxarıb ki, insanlar canlı ünsiyyətə daha az vaxt ayırmağa və şəbəkədə daha çox vaxt keçirməyə başlayıblar. Dolayısıyla, əvvəlki nəslin nümayəndələri ilə müqayisədə müasir gənclərə yad insanlarla tanış olmaq, ümumilikdə sosiallaşmaq daha çətindir.

Bəzi psixoloqlar sosial şəbəkələrdəki səhifələri istifadəçinin yaxşılaşdırılmış versiyası adlandırır. Belə ki, hər kəs başqalarında yaxşı təəssürat yaratmağa çalışır, ona görə tez-tez özü barədə yalan məlumat verir. Əgər əvvəllər bütün ölkə “Görüş yerini dəyişmək olmaz” filminə baxırdısa və demək olar istənilən şəxs ilə söhbət üçün ümumi mövzu tapmaq mümkün idisə, bu gün mənzərə tamam dəyişib. İnternetin və “Netflix” kimi striminq xidmətlərinin meydana çıxması, bir tərəfdən bizə seçim azadlığı verib, digər tərəfdən real həyatda oxşar maraqlara sahib insanla tanışlıq imkanını daha da çətinləşdirib.

İctimai elmi fantastika sevənlər çox güman Çarli Brukerin (Charlie Brooker) “Qara güzgü” (“Black mirror”) serialının heç olmasa bir seriyasına baxıblar. Üçüncü sezonun birinci seriyası sosial şəbəkələrdə “layk” sayının ictimai statusa təsirindən və insanın cəmiyyətdəki yerini müəyyənləşdirməsindən bəhs edir. Düzdür, həmin serialda insanlar arasında münasibətlər bir qədər şişirdilib. Əslində reallıq o qədər uzağa getməyib. Müştəri bir neçə dəfə beş ballıq şkala üzrə cəmi üç bal versə, taksi sürücüsü həqiqətən işini itirə bilər. Müasir Çində insanlar arasında qarşılıqlı münasibətlər sanki belə düşünməyə məcbur edir: “Məgər bu, “Qara güzgü”dəki dünya deyil?”

Dünyaya baxış, hətta zarafatlar da dəyişikliyə məruz qalıb. Hələ 20 il əvvəl gülməli görünən mövzular, “Dostlar” (“Friends”) serialında səslənən zarafatlar indi gənclərin narazılığına səbəb olur. Bumerlər nəslinin translyasiya etdiyi dəyərlər sürətlə köhnəlir, bu da insanlar arasında anlaşılmazlığı daha da gücləndirir.

Texnologiyaların inkişafı və internetin meydana çıxması ilə cəmiyyət hansı şəkildə dəyişirsə dəyişsin, biz insan olaraq qalırıq. Və bir insan kimi səhvə yol verə bilərik, bizim ünsiyyətə və ətrafdakı çevrəmizlə yaxınlığa ehtiyacımız var. Bəlkə də bu gün hər birimizin edə biləcəyi ən yaxşı iş bir dəqiqə dayanıb hansı istiqamətə və hara getdiyimizi düşünmək olar.

Mənbə: www.xpressa.net