Rusiyada internetdən yeni istifadə qaydaları ətrafında qızğın müzakirələr Azərbaycana da adladı...

Rusiyada internetdən yeni istifadə qaydaları ətrafında qızğın müzakirələr Azərbaycana da adladı...

İnternet resurslarından sərbəst istifadə üçün mövcud olan şərait bir sıra hallarda sui-istifadə meyllərinin artmasına, feyk profillərin yaradılmasına, bəzi saxtakar əməllərin həyata keçirilməsinə imkan verir. Müasir dünyada internet şəbəkəsində mövcud olan problemlər öz kəskinliyi ilə daha çox insanlara, istifadəçilərə zərər vurur.

Bu gün internetdən istifadə etməklə saysız neqativ əməlin həyata keçirilməsinin şahidi oluruq. Feyk profillərin, feyk elektron poçtlarının, eləcə də digər analoji vasitələrin insanlara, istifadəçilərə vurduğu zərəri heç cür ödəmək olmur. Hazırda bütün dünya ölkələrində internetdəki saxta təzahürlərə, profillərə, istifadəçilərə qarşı ciddi mübarizə aparılsa da, bu heç bir nəticə vermir. Müxtəlif dövlətlər internetdən sui-istifadənin qarşısının alınması üçün ayrı-ayrı metodlar, mexanizmlər təklif edirlər. Bəziləri isə artıq bu mexanizmləri işlək vəziyyətə gətirirlər.

Belə bir addım Rusiya tərəfindən atılmaqdadır. Rusiyada belə bir qanun layihəsi hazırlanır ki, internetdə sosial şəbəkələrdən, elektron poçtlardan qeydiyyatdan keçmək istəyən şəxslər mütləq bu prosesi şəxsiyyət vəsiqəsinin, pasportunun seriya nömrəsini qeyd etməklə həyata keçirməlidirlər. Yəni istənilən internet resursuna giriş şəxsiyyət vəsiqəsi və pasportla olmalıdır. Ekspertlər qeyd edirlər ki, bu mexanizmin işləkliyinin təmin edilməsi bu sahədə təhlükəsizliyin təmin edilməsi üçün əhəmiyyətlidir. Onlar hesab edirlər ki, bu texnologiyanın Azərbaycanda da tətbiq edilməsi mümkünsüz deyil, sadəcə, bunu işləyib hazırlamaq lazımdır. Bu mexanizm bir sıra xarici saytlarda tətbiq edilir.

“İnternetdən qeydiyyatdan keçmək üçün bu prosesi şəxsiyyət vəsiqəsinin, pasportun kodu ilə reallaşdırmağın təhlükəsizlik baxımından böyük əhəmiyyəti olardı”

Tanınmış media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, bunun üçün Azərbaycanda tam olaraq şərait var və sadəcə, bu texnologiyanın sosial mediaya, internetə tətbiq edilməsi lazımdır.

İnternet resurslarında şəxsiyyət vəsiqəsi və şəxsiyyəti təsdiq edən digər sənədlə qeydiyyatdan keçmək ideyasının ABŞ ictimaiyyətinə məxsus olduğunu deyən A.Həsrət bildirdi ki, təxminən 10 il əvvəl ABŞ-da bu təşəbbüsü irəli sürənlər internet təhlükəsizliyinə nail olmaq istəyiblər, lakin hələ də bu ölkədə sözügedən prosedur həyata keçirilməyib. “İnternetdən qeydiyyatdan keçmək üçün bu prosesi şəxsiyyət vəsiqəsinin, pasportun kodu ilə reallaşdırmağın təhlükəsizlik baxımından böyük əhəmiyyəti olardı. Bilirsiniz ki, bu gün sosial şəbəkələrdə, eləcə də digər internet resurslarında saxta adlar altında fəaliyyət göstərənlərin sayı kütləvidir. Onlar saxta adlar altında qanunsuz işlərlə məşğul olurlar. Bunun qarşısının alınması üçün vətəndaşların şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməsi çox vacibdir. Rusiya da özünü qorumaq üçün bu cür addımlar atmalıdır. Azərbaycana gəlincə, ölkəmiz də saxta profillərdən, saxta hesablardan çox ciddi əziyyət çəkir. Görürsünüz ki, söyüş “ÇT”ləri, trol ordusu, qruplaşmalar internetdən sui-istifadə edərək qanunsuz çağırışlar, əməllər sərgiləyirlər. Ona görə Azərbaycanda da internet istifadəçilərinin bu resurslardan şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməsi işin xeyrinə olardı. Azərbaycanda bunun üçün şərait var. Bu mexanizmin ölkəmizdə işləkliyinin təmin olunmasına ciddi ehtiyac yaranıb. İstifadəçilərin internet resurslarından şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçirilməsi texnologiyasını reallaşdırmaq tam mümkündür. Burada çətin heç nə yoxdur. Azərbaycanda elektron hökumət quruculuğu gedir və internet üzərindən bütün xidmətlərin həyata keçirilməsi mümkündür. Biz internet üzərindən bütün xidmətləri şəxsiyyət vəsiqəsi ilə alırıq. Yəni Azərbaycanda bunun mexanizmi mövcuddur, sadəcə, onu internetə, sosial mediaya da tətbiq etmək lazımdır”.

A.Həsrət hesab edir ki, bununla da Azərbaycanda internet sahəsində mövcud olan neqativlər aradan qaldırılar, həm də feyk profillər, saxta hesablar sıradan çıxar. Onun sözlərinə görə, internetdən şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən vətəndaş özünü qanun qarşısında cavabdeh sayacaq və heç bir neqativ əmələ yol verməyəcək.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com