ALMANİYADA TEZLİKLƏ PASİYENTLƏRƏ DONUZ ÜRƏYİ NƏQL EDİLƏCƏK

ALMANİYADA TEZLİKLƏ PASİYENTLƏRƏ DONUZ ÜRƏYİ NƏQL EDİLƏCƏK

Alimlər uzun müddətdir müxtəlif növlər arasında hüceyrə, toxuma və orqan köçürmə prosesini – ksenotransplantasiyanı reallaşdırmağa çalışırlar. Deyəsən, donuz ürəyinin nəql ediləcəyi ilk pasiyentlər alman xəstələr olacaq. Bu barədə Almaniyanın “Der Tagesspiegel” nəşri xəbər verir.

Ötən ilin dekabr ayında yayılan məlumat bunun üçün ilkin zəmin yaradıb. Belə ki, kardiocərrəhlar Bruno Rayhart (Bruno Reichart) və Ekhard Volfun (Eckhard Wolf) başçılığı altında tədqiqatçılar qrupunun imza atdığı rekord barədə “Nature” elmi jurnalında məlumat verilib: Münhen Universitetinin nəzdində fəaliyyət göstərən Heyvandarlıq və Biotexnologiyalar Institutunun Oberşlayshaymdakı təcrübə stansiyasında saxlanılan donuzlardan birinin ürəyi meymuna köçürülüb və sonuncu 195 gün yaşaya bilib.

“Biz donuz ürəyini insana transplantasiya edəcək ilk qrup olara bilərik”, - deyə Rayhart bildirib. Cərrahın sözlərinə görə, uşaqlar və ya ağır ürək xəstəliklərindən əziyyət çəkən yeniyetmələr ksenotransplantasiyasının birinci pasiyentləri ola bilər.

Yeri gəlmişkən, vəsait çatışmazlığı ilə yanaşı, elmi əngəllər də mövcuddur. Donuz ürəyini makakaların döş qəfəsinə transplantasiyaya uyğunlaşdırmaq üçün həkimlər cavan heyvanların ürəyini köçürmək məcburiyyətində qalıblar, lakin əməliyyatdan sonra orqan sürətlə böyüməyə başlayıb, sanki 20 kiloqramlıq meymunun orqanizmi üçün deyil, 300 kiloqramlıq donuzun orqanizmi üçün işləməlidir.

“Ekhard Volf və veterinar Barbara Kessler (Barbara Kessler) göstərib ki, bu problemi də genetik metodun köməyi ilə həll etmək mümkündür. Boy amili ilə əlaqəli reseptorun geni dəyişdikdən sonra donuzların inkişafı xeyli zəifləyib (...)”, - məqalədə deyilir.

Ksenotransplantasiyanın inkişafında təkcə almaniyalı alimlər uğur qazanmayıb. Çin tədqiqatçıları iddia edirlər ki, genetik modifikasiyaya uğramış donuzların mədəaltı vəz hüceyrələrini diabetdən əziyyət çəkən insanlara köçürüblər. Belə ki, donuzlarda insulin istehsal edən hüceyrələr yoxdur.

Bununla belə, bütöv bir orqanı, məsələn, ürəyi ilk kim nəql edəcək? Bu sual açıq alır. Həmçinin donuzun orqanlarının insan orqanizminə adaptasiya olması üçün lazım olan genetik dəyişikliklərin sayı da bəlli deyil. Amerikanın “eGenesis” şirkəti hesab edir ki, bunun üçün ikirəqəmli dəyişiklik həyata keçirmək lazımdır.

Ancaq burası da var ki, ksenotransplantasiya sahəsinin potensial sponsorları olan əczaçılıq şirkətləri, çox güman, genetik metodların köməyi ilə orqanların müxtəlif uyğunluq probleminin həllində maraqlı deyil.

2010-cu ildən ksenotransplantasiyaya alternativ metod da müzakirə edilir. Belə ki, pasitentin gövdə hüceyrələrinin canlının embrionuna yeritməklə insan orqanlarının yetişdirilməsi müzakirə predmetinə çevrilib. Xüsusən bu metod üzərində yaponiyalı alim Hiromitsu Hakauçi (Hiromitsu Nakauchi) işləyir.

Ekhard Volf bu metoda şübhə ilə yanaşır. “Ksenotransplantasiyanın üstünlüyü ondan ibarətdir ki, doğru genetik dəyişiklik kombinasiyası alınanadək donuzları asanlıqla çoxaltmaq mümkündür”, - deyə ekspert bildirib.

Mənbə: www.xpressa.net