ALİMLƏR 3D PRİNTERDƏ GÜLLƏ KEÇİRMƏYƏN MATERİAL ÇAP EDİBLƏR

Elm dünyasında “nəzəri mümkün materiallar” mövcuddur. Bu materialları nəzəri cəhətdən yaratmaq mümkündür, onlar heç bir qanuna zidd deyillər. Lakin müəyyən səbəblərdən dolayı mövcud vəziyyətdə bunu etmək mümkün deyil. Amma bu cür materialların potensial imkanlarını araşdıranda yeni nəsə kəşf etmək mümkündür. Rays Universitetinin alimləri də oxşar hadisə ilə üzləşib.

Onlar 3D printerdə böyük əyləc gücünə malik möhkəm struktur yaratmağa çalışıblar. Sınaqlar zamanı tədqiqatçılar deşiklərlə örtülü qəfəsşəkilli polimerlərdən kub çap ediblər. Kubun almaz kimi möhkəm olduğu və effektiv şəkildə gülləni dayandıra bildiyi məlum olub.

Sınaq materialı üçün başlanğıc nöqtəsi tubulan adı altında tanınan maddə olub. İlk dəfə 1993-cü ildə yaradılan tubulanlar karbon nanoborularından ibarət mürəkkəb struktura malikdir. Hesablamara əsasən, onlar son dərəcə möhkəm olsalar da, həmin materialların effektiv istehsal üsulu indiyədək alimlərin diqqətindən kənarda qalıb.

Alimlər kompyuter modelinin köməyi ilə müxtəlif mikroskopik blok növlərini, sonra isə 3D printerlə çap edilən polimer versiyaları yaratmaq üçün tubulanlar nəzəriyyəsindən istifadə ediblər. Yeni yaradılan qəfəsşəkilli strukturların imkanları bir sıra sınaqdan keçirilib.

Ekspertlər iki kub yaradıblar. Onlardan biri mikroskopik bloklar əsasında yeni texnologiya ilə yaradılıb, o biri isə əlavə dəyişiklik olmadan tamamilə həmin polimerdən hazırlanmış material olub. Sınağın nəticələri nəzərəçarpan olub: adi kubla müqayisədə qəfəsşəkilli struktura malik kubun saniyədə 5,8 kilometr sürətlə hərəkət edən gülləni saxlaması 10 dəfə effektli olub.

Təzyiqin altında çatlamaq əvəzinə boru bloklar öz-özünə çökməyə, təzyiqi udmağa çalışıb. Alimlər strukturun ölçüsünün yalnız 3D printerin imkanları ilə məhdudlaşdığını bildiriblər. Onların sözlərinə görə, metal, keramika və polimerlərdən hazırlanmış müxtəlif versiyalar müxtəlif xüsusiyyətlərə malik ola bilər. Komanda layihənin optimallaşdırılması, o cümlədən materialın inşaat sahəsində tətbiqi, möhkəm predmetlərin yaradılması və aerokosmik sənayedə istifadə imkanları üzərində işləyir.

Xpressa.net

ƏVVƏLKİ XƏBƏR

Ukraynalı Kainat Gözəli iki ölkə arasında qalmaqala səbəb oldu - FOTO

SONRAKI XƏBƏR

ABŞ Livanın yeni hökuməti ilə işləməyə hazır olduğunu deyib