MARSLA BAĞLI CƏSARƏTLİ KOSMİK LAYİHƏ HƏYATA KEÇİRİLİR

MARSLA BAĞLI CƏSARƏTLİ KOSMİK LAYİHƏ HƏYATA KEÇİRİLİR

“Cəmi 10 ildən sonra uçan boşqab formasında kiçik aparat kosmosdan geri qayıdaraq Yuta ştatında səhraya enəcək. Amortizatorlarla təchiz edilmiş aparatda qiymətli yük olacaq: Marsdan toplanılmış yarım kiloya yaxın torpaq nümunəsi. Uzun illərdir bəslənən ümidlərdən və gözləntilərdən sonra NASA və Avropa Kosmik Agentliyi tərəfindən birgə işlənib hazırlanan, yeddi milyard dollarlıq “Mars Sample Return” (MRS) layihəsi, nəhayət, şəkil almağa başlayıb”, - Deniel Kleri (Daniel Clery) və Pol Vuzen (Paul Voosen) “Science” jurnalında yazır.

“Layihə uğurla nəticələnsə, MSR Günəş sisteminin öyrənilməsi sahəsində elə bir tapşırığı yerinə yetirəcək ki, həmin tapşırıq ABŞ Milli Elmlər Akademiyasının 2011-ci il üçün tərtib edilən hesabatında prioritetli məsələlərindən biri kimi qeyd edilib. “Curiosity” tipli müasir aparatlar avtomobil ölçüsündə robotlardır. Onlar getdikcə daha da təkmilləşirlər. Lakin onların səyyar laboratoriyaları Marsda torpaq nümunələrinin tədqiq edilməsinə uyğun gəlmir. Bu süxurları öyrənməklə isti və rütubətli Mars iqliminin hansı yolla birdən soyuq və quru iqlimə çevrildiyini müəyyənləşdirmək olar”, - məqalədə deyillir.

“MSR-in birinci mərhələsi demək olar başa çatıb. 2,5 milyard dollarlıq aparat artıq hazırdır. Onu gələn ilin iyul ayında işə salacaqlar. Aparat Cezero kraterində Mars səthinə enəcək”, - jurnalistlər qeyd edir.

Nəşr xatırladır ki, MRS layihəsinin növbəti mərhələsi 2028-ci ilə planlaşdırılıb. NASA həmin il növbəti eniş modulunu buraxacaq. Onun göyərtəsində geri qayıdacaq raket və Avropa Kosmik Agentliyi tərəfindən quraşdırılan aparat olacaq. Eniş moduluna malik raket 2026-ci ildən buraxıldıqdan sonra Marsa uzun yol qət etməli olacaq; raketin faydalı yük həcmi kifayət qədər böyükdür: 2100 kiloqram”.

Mars aparatı eniş aparatına qayıdan kimi Avropa Kosmik Agentliyinin yaratdığı robotlaşdırılmış manipulyator konteynerdən xüsusi rəfləri çıxaracaq və onları geri qaytarılan raketin göyərtəsinə bərkidilmiş basketbol topu ölçüsündə hermetik kürəyə yerləşdirəcək.

Raket göyərtəsindəki kürə ilə birlikdə Mars səthindən 300 kilometrdən hündürə qalxacaq. Burada o, orbital aparatla birləşməlidir. NASA-nın raketinin ardınca Avropa Kosmik Agentliyi qeyd edilən orbital aparatı kosmosa göndərməyi planlaşdırır. Marsda GPS analoqu olmadığı üçün orbital aparat izləmə kameraları ilə təchiz olunacaq.

Süxurlardan nümunə götürən kosmik gəminin 2031-ci ildə Yerə qayıdacağı gözlənilir. Gəmi yer səthinə eniş edən kimi nümunələr ehtiyatla karantinə yerləşdiriləcək. Məqsəd Marsdan götürülən torpaq nümunələrini Yerdəki mikrobların təsirindən, yerdəkiləri isə Marsın mümkün xəstəlik törədən mikrooqranizmlərindən müdafiə etməkdir. NASA-nın alimi Maykl Meyerin (Michael Meyer) sözlərinə görə, torpaq nümunələrini çirkləndirməyəcək alətlərin işlənib hazırlanması kifayət qədər çətin tapşırıq olsa da, həlli mümkündür.

Madriddə yerləşən Astrobiologiya Mərkəzindən Mariya-Pas Zorzano (Maria-Paz Zorzano) məsələyə aydınlıq gətirərək bildirib ki, Yerdə Cezero kraterindən götürülən nümunələrdəki karbon izotoplarını analiz etmək sonra onların həyat qabiliyyətli olduğunu müəyyənləşdirmək üçün alimlərə bir neçə qram torpaq bəs edəcək. Alim MSR layihəsinin elmi prioritetlərini müəyyənləşdirilməsində və beynəlxalq ekspert qrupu üçün nümunələrin seçilməsində iştirak edib.

Cezero kraterindən götürülmüş nümunələrdə həyat əlamətləri aşkar edilməsə, alimlər səbəbini bilmək istəyəcəklər. “Bunun səbəbi nədir? Planet məskunlaşmayıb yoxsa orada həyat hələ təkamül etməyə imkan tapmayıb?” ,- Massaçusets Texnologiya İnstitutundan planetoloq Bencamin Vays (Benjamin Weiss) maraqlanır.

Zorzano hesab edir ki, Marsın aktiv öyrənilməsi, o cümlədən ora insanların göndərilməsi planetin qədimliyini araşdırmaq şanslarını zəiflədəcək. “Hələlik vaxt var. Ümid edirəm ki, fürsəti əldən verməyəcəyik, - deyə Zorzano bildirir. – Əgər indi hərəkətə keçməsək, bu unikal imkanı itirəcəyik”.

Mənbə: www.xpressa.net