Bakıda “Kibertəhlükəsizlik həftəsi” təşkil olunacaq

Bakıda “Kibertəhlükəsizlik həftəsi” təşkil olunacaq

2-6 mart 2020-ci il tarixlərində II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

TED.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ikinci ildir təşkil olunacaq “Kibertəhlükəsizlik həftəsi” bu sahədə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır.

Sözügedən həftə çərçivəsində kibertəhlükəsizlik sahəsinin müxtəlif istiqamətlərinə həsr edilmiş 8 tədbirin keçirilməsi nəzərdə tutulur.

İlk tədbir 2 mart tarixində reallaşacaq “Kibertəhlükəsizlik konfransı” olacaq. Nazirliyin Elektron Təhlükəsizlik Xidmətinin təşkilatçılığı, “Microsoft”, “IS3S”, “Prosol”, “Kaspersky” şirkətlərinin tərəfdaşlığı ilə keçiriləcək “Kibertəhlükəsizlik konfransı”nda günün müasir trendləri və çağırışları nəzərə alınaraq, sahə üzrə yerli və beynəlxalq şirkətlərin yeni kibertəhlükəsizlik həlləri ilə bağlı təqdimatlar və məruzələr dinləniləcək. Konfrans sual-cavab sessiyaları, habelə birtərəfli və çoxtərəfli müzakirələr, əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əvəzolunmaz platformaya çevriləcək.

Konfransla paralel olaraq kibertəhlükəsizlik üzrə həllərin nümayiş etdiriləcəyi “Cyber village” sərgisi keçiriləcək.

Mənbə: ted.az