Yaponiyada yeni koronavirusla əlaqədar fövqəladə tədqiqata başlanılır

Yaponiyada yeni koronavirusla əlaqədar fövqəladə tədqiqata başlanılır

Tokio, 20 fevral, AZƏRTAC

Yaponiyanın Təhsil, Elm və Texnika Nazirliyi yeni koronavirusla əlaqədar fövqəladə tədqiqat işlərinin başlandığını elan edib.

AZƏRTAC xəbər verir ki, fevralın 20-də nazirlik altı yapon universitetində yeni koronavirusla bağlı tədqiqat işlərini maliyyələşdirəcəyini bəyan edib. Bildirilir ki, bu layihəyə Naqasaki, Tokio, Osaka, Tohoku, Kobe və Niiqata universitetləri daxildir.

Nazirlikdən bildirilir ki, həmin universitetlərin mütəxəssisləri Vyetnam, Çin, Tailand, Filippin, İndoneziya və Myanmadakı tədqiqat mərkəzləri ilə sıx əlaqədədirlər.

Layihənin məqsədi rəsmi olaraq COVID-19 adı almış yeni koronavirus barədə informasiyaların toplanması və virusun yetişdirilməsinin yollarının araşdırılmasıdır.

Nazirliyin əməkdaşlarının bildirdiyinə görə, Asiya ölkələri ilə aparılan informasiya mübadiləsi vaksinin və digər sınaq materiallarının təcrübədə yoxlanmasına şərait yaradacaqdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mənbə: azertag.az