Kriptoqrafiya nədir?

Kriptoqrafiya nədir?

Kriptoqrafiya yunanca Κρυπτός (gizli, sirli) və Γραφος (yazı) sözlərindən yaranıb və hər hansı bir informasiyanın konfidensiallığını təmin etmək üçün istifadə edilir. Kriptoqrafiya məlumatın şifrlənməsini nəzərdə tutur. Şifrələnmiş məlumat yalnız açıq mətni oxuma haqqı olan istifadəçi tərəfindən deşifr edilə bilər. Şifrləmə məlumatın təhlükəsizliyinə tam zəmanət vermir amma onun icazəsiz istifadəsini dəfələrlə məhdudlaşdırır. Bu mətni deşifrləyib oxumaq üçün açar sözünü və şifrləmə alqoritmini bilmək lazımdır. Şifrlənəcək mətn açıq mətn adlanır, bu mətn şifrləmə açarından istifadə etməklə şifrləmə alqoritmi vasitəsilə şifrlənir.

Milli.Az kriptoinvest.az-a istinadən bildirir ki, ilk kriptoqrafik yazılar bizim eranın əvvəlində meydana çıxır. Qədim Misir əlyazmalarında dini mətnlər və tibbi reseptlər qeyri-standart heroqliflərlə şifrlənirdi. Çinli alim Song Tzu "Döyüş sənəti" kitabında kəşfiyyat və əks-kəşfiyyatın təməl prinsiplərini, həmçinin şifrələnmiş məlumatların işlənməsi və qorunması metodlarını formalaşdırmışdı. Roma imperatoru Yuli Sezar da öz yazışmalarında indi onun adını daşıyan "Sezar şifrəsi"-dən istifadə edirdi. Müasir ingilis əlifbasına tətbiqdə bu şifrə aşağıdakından ibarət idi - adi əlifba yazılırdı, sonra onun altında həmin əlifba, lakin sola üç hərf dövri sürüşmə ilə yazılırdı:

ABCDEFGHIJKLMNOPQRSTUVWXYZ
DEFGHIJKLMNOPQRSTUVWXYZABC

Şifrləmə zamanı A hərfi D hərfi ilə, B hərfi E ilə və beləcə əvəz olunurdu. Məsələn: VENI VIDI VICI (gəldim, gördüm, qələbə çaldım) sətri şifrləmə zamanı YHQL YLGL YLFL sətrinə keçir. Şifrlənmiş məlumatı alan hərfləri ikinci sətirdə axtarırdı və onların üstündəki hərflərə görə ilkin mətni bərpa edirdi. Sezar şifrində açar əlifbanın ikinci sətrindəki sürüşmənin qiymətidir.

Birinci Dünya Müharibəsi dövründə kriptoqrafiya artıq qəbul edilmiş bir döyüş insturmentinə çevrildi. Belə ki, Alman səfiri Artur Zimmermanın teleqramının ABŞ xüsusi xidmət orqanları tərəfindən tutulması ABŞ-ın müttəfiqlərin tərəfində müharibәyə girməsinə səbəb olmuşdu. İkinci Dünya Müharibəsində isə kriptoqrafiya kompüter sistemlərinin inkişafı üçün bir növ katalizator oldu. İstifadə olunan şifrələr (almanlarda "Enigma", ingilislərdə "Turing Bombe") məlumat nəzarətinin həyati əhəmiyyətini açıq şəkildə göstərdi.

İnternetin inkişafı kriptoqrafiyanı yeni səviyyəyə qaldırdı. Kriptoqrafik metodlar elektron ticarət əməliyyatlarında, telekommunikasiya və digər sahələrdə geniş istifadə olunmağa başlandı. Bunların içərisində ən çox populyarlıq qazanan 2009-cu ildə Satoşi Nakomoto tərəfindən yaradılan kritptovalyuta - bitcoin oldu. İlk rəqəmsal valyuta olan bitcoin tranzaksiyaları üçün bank və ya hər hansı digər maliyyə təşkilatının vasitəçi olmasına ehtiyac qalmır. Şəbəkənin mərkəzi idarəetmə sistemi yoxdur, bitkoinlər dondurula və ya qadağan oluna bilməz və hər hansı bir dövlət tərəfindən nəzarət olunmur.

 

Kriptoqrafiyada şifrələnmənin 2 əsas üsulu var: simmetrik və asimmetrik.

Simmetrik şifrləmə üsulunda eyni açar (gizli saxlanılan) həm məlumatı şifrləmək, həm də deşifrləmək üçün istifadə olunur.

Asimmetrik kriptoqrafiyada iki açardan istifadə olunur. Onlardan biri açıq açar (sahibinin ünvanı ilə birlikdə nəşr oluna bilər) şifrləmə üçün istifadə olunur, digəri gizli açar (yalnız alana məlum) deşifrləmə üçün istifadə olunur. Rəqəmsal imza alqoritmlərində gizli açar şifrləmə, açıq açar isə deşifrləmə üçün istifadə edilir.

Milli.Az

Mənbə: news.milli.az