Azərbaycan bu istiqamətdə qonşu ölkələri qabaqlayaraq 64-cü yerə çıxıb – AÇIQLAMA

Azərbaycan bu istiqamətdə qonşu ölkələri qabaqlayaraq 64-cü yerə çıxıb – AÇIQLAMA

“Finteklərin çoxunun süni intellektə əsaslanmasını nəzərə alaraq ölkəmizdə bu sahədə cari vəziyyəti “Oxford Insights”ın “Süni intellekt idarəetməsinə hazırlıq indeksi”nə görə də qiymətləndirmək olar. 2019-cu ilin hesabatında Azərbaycan 64-cü pillədə yer alıb. Bu göstəriciyə əsasən, ölkəmiz qonşu ölkələrdən İran (72-ci yer), Gürcüstan (76-cı yer), və Ermənistandan (81-ci yer) daha öndədir”

TED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, indeksə əsasən süni intellektin tətbiqinə görə lider ölkələr Sinqapur, Almaniya və Böyük Britaniyadır: “İndeksin qiymətləndirmə meyarları idarəetmənin mövcud vəziyyəti (qanunların və strategiyanın mövcudluğu), süni intellektin tətbiqi üçün infrastrukturun səviyyəsi, müvafiq istiqamətdə təhsil və bacarıqlar, eyni zamanda süni intellekt sahəsində dövlət xidmətlərinə əsaslanır”.

V.Qasımlı vurğulayıb ki, İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın innovativ inkişafı, o cümlədən rəqəmsal həllərin geniş tətbiqi təmin edilib: “Azərbaycanda maliyyə texnologiyalarının tətbiqi ayrı-ayrı şirkətlərin, xüsusilə də bank və sığorta şirkətlərinin təşəbbüsü ilə ildən-ilə artır. Mobil və rəqəmsal bankçılıq demək olar, bütün banklar tərəfindən tətbiq olunur. Süni intellektə əsaslanan proqram təminatları, müştəri xidmətlərini həyata keçirən çatbotlar da bəzi banklar (PaşaBank, RabitəBank, VTB və s) və özəl şirkətlər (Technote,) tərəfindən istifadəyə verilib. Bəzi şirkətlərin onlayn kredit təminatını həyata keçirən (Azercell-in Simbrella proqramının Simkredit xidməti), mobil operatorların balansı ilə kommunal ödənişlərin ödənilməsini təmin edən texnoloji həllərini də misal göstərmək olar. Bundan başqa, şəxsi maliyyə resurslarını idarə edən “Xərclərim” və “Bankoff.co”, kiçik və orta sahibkarlıq subyektlərini bir araya gətirən “Botbox”, müxtəlif təyinatlı robotların hazırlanmasını həyata keçirən və tamamilə onlayn fəaliyyət göstərən “BNB Dynamics” kimi fintek startapları da yaradılıb”.

Mənbə: ted.az