Nazir müavini: "Bu günədək Əfqanıstan Azərbaycan iqtisadiyyatına 1,5 mln. dollar investisiya yatırıb"

Nazir müavini: "Bu günədək Əfqanıstan Azərbaycan iqtisadiyyatına 1,5 mln. dollar investisiya yatırıb"

Ötən il Azərbaycanla Əfqanıstan arasında ticarət dövriyyəsi 71,5 mln. ABŞ dolları təşkil edərək, 2017-ci illə müqayisədə 37% artıb. "APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupun iclası zamanı söyləyib.

Onun sözlərinə görə, bu ilin yanvar-may aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasındakı ticarət dövriyyəsi 15% artıb: "Lakin biz bu sahədə imkanlarımızın daha geniş olduğunu bilirik və qarşılıqlı ticarət dövriyyəsinin artırılması üzrə səylərimizi gücləndirməliyik".

S. Məmmədov onu da bildirib ki, Azərbaycanda sənaye, nəqliyyat və xidmət sahələri üzrə 11 Əfqanıstan şirkəti qeydiyyatdan keçib və bu günədək Əfqanıstan Azərbaycan iqtisadiyyatına 1,5 mln. ABŞ dolları məbləğində investisiya yatırıb.

"Fikrimizcə, ölkələrimiz arasında inşaat materiallarının istehsalı, tikinti, rabitə, nəqliyyat, avtomobil yollarının çəkilişi, elektrik enerjisinin istehsalı, meliorasiya, kənd təsərrüfatı, meyvə-tərəvəz məhsullarının qablaşdırılması və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilə bilər", - deyə nazir müavini əlavə edib.

Mənbə: apa.az