Kənd təsərrüfatı məhsullarının qiyməti nəzərəçarpacaq dərəcədə ucuzlaşacaq - NƏ VAXT?

Kənd təsərrüfatı məhsullarının qiyməti nəzərəçarpacaq dərəcədə ucuzlaşacaq - NƏ VAXT?

Bakı. Samir Əli - Trend:

İndiyədək məhsul yığılan sahələrin əksəriyyəti istixana üsulu ilə əkin aparılmış sahələrdir. Hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun yetişməsi gecikir. Havanın əlverişsiz keçməsi məhsul yetişən açıq sahələrdən yığımı çətinləşdirir, nəticədə bazarlara məhsul təklifi azalır.

Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

V.Hüseynov bildirib ki, yağıntıların azalması məhsulun kütləvi yığımına şərait yaradacaq: “Kütləvi yığım başladıqdan sonra açıq sahə məhsulunun bazara çıxarılması sürətlənəcək. Bundan sonra qısa müddətdə qiymətlərin nəzərəçarpacaq dərəcədə ucuzlaşacağı gözlənilir”.

 

Vüqar Hüseynovun sözlərinə görə, bu cür hallara əvvəlki illərdə də rast gəlinib: “Məsələn, 2017-ci ildə hava şəraitindən asılı olaraq, pomidorun yetişmə fazası gec başlamışdı və hava şəraitinin normallaşması ilə qısa müddətdə təklif artmış və qiymətlər ciddi şəkildə aşağı düşmüşdü”.

Mənbə: az.trend.az