Sənaye zonalarının yaradılması iqtisadiyyatın əsas prioritetlərindən biridir

Sənaye zonalarının yaradılması iqtisadiyyatın əsas prioritetlərindən biridir

Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Dövlət başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də məhz bu sahəyə xüsusi önəm verilməsinin bariz ifadəsidir. Xatırladaq ki, adı çəkilən sənəd qeyri-neft sənayesi ilə bağlı yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Bu zaman mövcud sahənin rəqabətqabiliyyətliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılıb.

Son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib.
Son illər ərzində qeyri-neft sənaye istehsalında müsbət göstəricilər əldə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, sənayenin bu sahəsində istehsal 2017-ci ildə 3,7 faiz, 2018-ci ildə 9,1 faiz artıb. Cari ilin yanvar-iyun aylarında isə həmin göstərici 15,7 faiz təşkil edib.
Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə də bununla bağlı ətraflı danışılıb. Müşavirədə çıxış edən dövlətimizin başçısı deyib: “İlin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir.
İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir.

 

Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır”.
Buradan göründüyü kimi, Azərbaycanın inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirir, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradır.
Hazırda ölkədə sənayenin yeni modellərinin tətbiqi diqqət mərkəzində saxlanılır. Yeni istifadəyə verilən və müasir texnologiyalara əsaslanan sənaye parkları və məhəllələri, aqroparklar ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına əlverişli imkanlar açır.
Prezident İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə bildirilib ki, hazırda regionlarda 9 sənaye parkı və məhəlləsi yaradılıb. Artıq onlarda 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib.
Yaradılan sənaye məhəllələri kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına xidmət edir. Hazırda Neftçala, Masallı sənaye məhəllələri uğurla fəaliyyət göstərir. Dövlət başçısının modern sənayeləşmə siyasətinin növbəti töhfəsi olan Sabirabad Sənaye Məhəlləsi isə bu il istifadəyə veriləcək.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, fəaliyyətdə olan sənaye məhəllələrində indiyədək 33 milyon manatlıq məhsul istehsal edilib. Bu sənaye məhəllələrində qeydiyyatdan keçən iştirakçıların sayı 36 olmaqla ümumilikdə, 140 milyon manata yaxın investisiya yatırılması, 2 minədək iş yerinin yaradılması nəzərdə tutulur. Müəssisələrin 21-i artıq fəaliyyət göstərir. Bu il daha 15 müəssisə fəaliyyətə başlayacaq.
Sənaye parklarının rezidentləri üçün dövlət tərəfindən əlverişli infrastruktur yaradılıb və bir sıra güzəştlər tətbiq olunub. Belə ki, sözügedən müəssisələrdə rezidentlər qeydiyyata alındığı gündən etibarən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parklara istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilib.
Sənaye parklarında rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir ki, bu da sahibkarların daha operativ və rahat fəaliyyətinin təşkilini asanlaşdırır. Bundan başqa, sənaye parklarında sahibkarlara hər cür təşkilati dəstək, o cümlədən onların sorğularının cavablandırılması, müxtəlif sektorlar üzrə investisiya imkanlarının araşdırılması, investisiya layihələri haqqında məlumatların təqdim edilməsi kimi xidmətlər göstərilir.
Yeri gəlmişkən, respublikada yaxın gələcəkdə birgə sənaye zonalarının yaradılmasına başlanılacaq. İran- Azərbaycan birgə sənaye zonasının təsis olunması ilə bağlı danışıqların aparılması bunu deməyə əsas verir. İranın sənaye, mədən və ticarət nazirinin müavini Möhsün Salihianın mətbuata bildirdiyinə görə, qonşu ölkələrlə sərhədyanı regionlarda yaradılan sənaye bölgələri daha səmərəli olur. Buna görə də Azərbaycan və Türkiyə ilə sənaye zonalarının yaradılması haqqında danışıqlar aparılır və razılaşma əldə olunub. Azərbaycan və Türkiyə iqtisadiyyatının inkişaf etdiyini bildirən nazir müavini qeyd edib ki, hər iki ölkə ilə İranın iqtisadi əlaqələri mövcuddur. Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Bu imkandan faydalanmaq tərəflərə iqtisadi dividend qazandıracaq. M.Salihian, həmçinin diqqətə çatdırıb ki, yaradılacaq sənaye zonasına investisiya qoyaraq istehsal prosesinə başlanması üçün çox asan şərtlər tətbiq ediləcək.
Yuxarıda qeyd edilənlərə əsaslanıb deyə bilərik ki, Prezident İlham Əliyevin modern sənayeləşmə siyasətinə uyğun olaraq həyata keçirilən layihələrin icrası nəticəsində Azərbaycan hazırda regionun sənaye mərkəzinə çevrilir. Müasir istehsal infrastrukturuna malik sənaye parkı və məhəllələrinin fəaliyyəti ölkədə sənaye sahələrinin tərəqqisinin, iqtisadiyyatın tarazlı yüksəlişinin reallaşdırılmasını nəzərdə tutan dövlət siyasətinin gerçəkləşdirilməsinə yönəldilir. Bu cür sənaye komplekslərinin yaradılması respublikanın qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlbi kimi önəmli vəzifələrin yerinə yetirilməsi baxımından mühüm önəm daşıyır.

V.BAYRAMOV,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com