"Rusiyanın regiondakı ticarətinin 50 faizi Azərbaycanın payına düşür"

"Rusiyanın regiondakı ticarətinin 50 faizi Azərbaycanın payına düşür"

Bu gün Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaş səviyyəsindədir. İki ölkənin rəhbərləri iqtisadi və siyasi məsələrə böyük və xüsusi önəm verirlər.

Bunu bu gün Azərbaycan və Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevın Bakıya səfəri zamanı təşkil edilən işgüzar görüşdə Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi dinamik olaraq inkişaf edir: “Rusiya Azərbaycanın əsas iqtisadi-ticari tərəfdaşıdır. Azərbaycan regionda Rusiyanın əsas ticari tərəfdaşı hesab edilir. Rusiyanın regiondakı ticarətinin 50 faizi Azərbaycanın payına düşür. Eyni zamanda, Rusiya Azərbaycanın qeyri-neft məhsullarının idxalında birinci yeri tutur”.

Nazir bildirib ki, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 19% artıb və 2,5 mlrd ABŞ dollarını keçib: “Bu ilin 7 ayında isə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 23% artıb. Bu da olduqca böyük rəqəmlərdir. Azərbaycan və Rusiyanın Sverdlovsk vilayəti ilə ticarət dövriyyəsinin həcmi isə 2018-ci ildə 83% artıb və 100 milyon dollardan artıq olub”.

Mənbə: marja.az