Problemli kreditlərdə yeni “dalğa

Problemli kreditlərdə yeni “dalğa

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-nün balans kapitalı nizamnamə kapitalından azdır.

Başqa sözlə, həmin banklar fəaliyyətdə olduqları müddətdə nizamnamə fondlarına qoyulmuş kapitaldan "yeyiblər".

Kapitalı ən çox azalmış bank "Nikoyl Bank" ASC (azalma 278 milyon 893 min manat), kapitalı ən az azalmış bank isə "Günay Bank" ASC (azalma 1 milyon 933 min manat) olub.

Hesabat tarixinə bank sektorunun balans kapitalı nizamnamə kapitalından 187 milyon 141 min manat az olub.

Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bunun səbəbini Azərbaycanda yerləşən bu bankların ilin sonuna yaxın öz xarici və daxili öhdəliklərini ödəmək üçün müəyyən maliyyə vəsaitlərindən istifadə etməyə məcbur olmaları ilə əlaqələndirib:

“Problemli kreditlərlə bağlı Prezident fərmanından sonra bankların fəaliyyətində xeyli yaxşılaşma müşahidə olunurdu. Sadəcə, Azərbaycanda bir çox bankların beynəlxalq öhdəlikləri var. Amma bu barədə çox az danışılır. Yəni xaricdən götürdükləri kreditləri var. Çox güman ki, ilin sonuna yaxın bir çox banklar xarici və daxili öhdəliklərini bağlamaq üçün müəyyən maliyyə vəsaitlərindən istifadə etməyə məcbur olublar.

Bu da onların kapitallaşmasının aşağı düşməsinə səbəb olub. Daha bir maraqlı məsələ bundan ibarətdir ki, artıq bəzi banklarda yeni problemli kreditlərin yaranma dalğası ehtimalı da yaranır. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov da Prezident yanında keçirilən son toplantıda üstüörtülü şəkildə bunu bildirdi. Çünki istehlak kreditləri ümumi kreditlərin az qala yarısına çatıb.

Hazırda istehlak kreditlətinin həcmi 47-48%-ə çatıb. Ona görə də problemli kreditlərin yeni dalğasının yaranma ehtimalı var. Banklar da öz məsuliyyətlərini daha dərindən hiss etməlidirlər. Kredit verərkən risk menecmentinə fikir verməlidirlər. Yoxsa növbəti illərdə, hətta gələn ilin ortasına yeni bir bank böhranını, yəni problemli kreditlər dalğasını izləyə bilərik.

Adları çəkilən bankların kifayət qədər ciddi xarici öhtəlikləri var. Çox güman ki, onlar çalışırlar xarici öhdəliklərini bağlasınlar ki, yeni kredit xərclərinin açılması üçün imkanlar yaransın”.

Əli Bədir
Cebhe.info

 

 

Mənbə: cebhe.info