“Caspian Energy International Media Group” XII “Eurasian Forum Kazenergy”nin baş informasiya tərəfdaşı olub

“Caspian Energy International Media Group” XII “Eurasian Forum Kazenergy”nin baş informasiya tərəfdaşı olub

Bakı, 11 sentyabr, AZƏRTAC

“Caspian Energy International Media Group” bu il sentyabrın 23-dən 29-dək Nur-Sultanda keçiriləcək “Kazakhstan Energy Week” və Kazenergy ХII Avrasiya Forumun baş informasiya tərəfdaşı olub.

Media qrupdan AZƏRTAC-a bildirilib ki, energetika həftəsi çərçivəsində Mərkəzi Asiyanın neft emalı və neft-kimya üzrə konfransı, Mühəndis Neftçilər Cəmiyyətinin forumu, “Kazenergy” Gənclər Forumu çərçivəsində müsabiqə, Qadın Energetika Klubunun forumu və digər tədbirlər keçiriləcək.

“Kazakhstan Energy Week”in əsas hadisəsi Kazenergy XII Avrasiya Forumu olacaq. Forumda “Arktika qütb dairəsi” beynəlxalq forumunun sədri, İslandiyanın sabiq prezidenti Oulavür Raqnar Qrimsson, Liviyanın Milli Neft Korporasiyasının sədri Mustafa Sanalla, “Global Gas”ın icraçı direktoru Valeri Dükro, Beynəlxalq Energetika Xartiyasının baş katibi Urban Rusnak, Əlcəzairin Energetika naziri Mohamed Arkab, Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev, OPEC-in baş katibi Məhəmməd Barkindo və digərləri çıxış edəcəklər.

Sözügedən tədbir Xəzər və Mərkəzi Asiya regionlarında energetika sektorunun əlamətdar hadisələrindən biridir. Hər il bu forumda dünyanın 50-dən çox ölkəsini təmsil edən 300-dən artıq şirkətin 2,5 mindən çox nümayəndəsi iştirak edir.

Eyni zamanda, tədbirdə “Milli Energetika Məruzəsi-2019”un yenilənmiş versiyasının təqdimatı baş tutacaq. Həmçinin Qazaxıstan neftinin 120 illiyi ilə bağlı kompleks tədbirlər təşkil olunacaq.

Mənbə: azertag.az