Banklar vətəndaşı neçə yaşınadək zamin qəbul edə bilər?

Banklar vətəndaşı neçə yaşınadək zamin qəbul edə bilər?

Banklardan kredit götürən şəxslərə zamin duran vətəndaşlar həm krediti verən, həm də onu alan üçün böyük önəm kəsb edir. Çünki kredit götürən şəxs müxtəlif səbəblərdən borcunu ödəyə bilmədiyi təqdirdə, həmin borcu zamin ödəməli olur. Bəs banklar vətəndaşı neçə yaşınadək zamin qəbul edə bilər?

Məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramova müraciət etdik.

Ekspert e-huquq.az-a bildirib ki, banklar zamin qəbul edərkən yaş baxımından əsas kateqoriya olaraq pensiya yaşını nəzərə alırlar.

Onun sözlərinə görə, banklar vətəndaşlar üçün pensiya yaşına çatanadək zamin durmaq imkanını yaradırlar. V.Bayramov qeyd edib ki, sözügedən məsələyə yanaşma banklarda fərqlidir:

“Ümumən əksər banklarda pensiya yaşı həm kredit verən, həm də zamin seçilən zaman əsas meyardır. Lakin bir sıra banklarda xüsusən də pensiya yaşına çatmamış vətəndaşlar, yaxud pensiya yaşında olan vətəndaşlar zamin götürülə bilər”.

İqtisadçı diqqətə çatdırıb ki, əgər pensiyaçı olan şəxs həmin bankın plastik kart sahibidirsə, pensiya kartı həmin bankdadırsa, ona kredit, digər öhdəliklər, o cümlədən, zamin öhdəliyi təklif etmək imkanı var.

Bankların bu məsələyə ümumi yanaşmasına gəlincə, V.Bayramov deyib: “Bankların bu məsələyə ümumi yanaşması ondan ibarətdir ki, onlar üçün əsas yaş meyarı pensiya yaşıdır. Banklar adətən kredit verən zaman zamin duran şəxsin, yaxud kredit götürən şəxsin pensiya yaşına qədər öhdəliyinin başa çatmasını nəzərə alırlar. Onu da nəzərə alırlar ki, əgər şəxs zamin durubsa, o, pensiya yaşına qədər həmin krediti bağlamış olsun”.

Qeyd edək ki, hazırda Azərbaycanda yaşa görə əmək pensiyası kişilər üçün pensiya yaşı 64 il 6 ay, qadınlar üçün isə 61 il 6 aydır.

Mənbə: big.az