Şəki taxıl emalı müəssisəsi fermerləri keyfiyyətli və xəstəliklərə davamlı toxumla təmin edəcək

Şəki taxıl emalı müəssisəsi fermerləri keyfiyyətli və xəstəliklərə davamlı toxumla təmin edəcək

Şəki, 15 sentyabr, AZƏRTAC

Taxılçılıqla məşğul olan fermerlər payızlıq səpinə hazırlıq görürlər. Sahələr şumlanır, səpin texnikaları yoxlanılır, nasaz olanlar təmir edilir. Eyni zamanda, toxum ehtiyatı da yaradılır. Bu işdə fermerlərə toxum emalı müəssisələri dəstək olur. Ölkəmizdə hələlik iki belə müəssisə fəaliyyət göstərir. Onlardan biri Şəkidədir.

AZƏRTAC xəbər verir ki, Şəkidə bu ilin iyulunda fəaliyyətə başlayan taxıl emalı müəssisəsi hazırda səpinə hazırlaşan fermerləri keyfiyyətli, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumla təmin edəcək. Fərdi toxumçuluq təsərrüfatlarında tədarük edilən toxumlar təmizlənir, qablaşdırılır, sertifikatlaşdırılır. Zavod saatda 5 ton məhsul emal etmək gücündədir.

Burada emal olunan məhsul ətraf rayonlardan olan fermerlər tərəfindən sifariş verilir. Əvvəllər fermerlər toxumun təmizlənməsi, dərmanlanması və qablaşdırılmasını kustar üsulla və əlavə vaxt itkisinə yol verməklə həyata keçirirdilərsə, hazırda bu işlər avtomatlaşdırılmış qaydada aparılır.

Zavodda toxumun keyfiyyət və məhsuldarlıq parametrləri üzrə müayinə edilməsi üçün müasir standartlara uyğun laboratoriya quraşdırılıb.

Fermerlər emal prosesini onlayn rejimdə izləyir, toxumun təmizliyinə və keyfiyyətinə əmin olurlar.

Şəki Azərbaycanın əsas taxılçılıq rayonlarındandır. Bu il rayonda 67 min 731 hektar sahənin taxılı biçilib, 234 min 631 ton taxıl istehsal olunub. Məhsuldarlıq ötən ildəkindən 13,6 min ton çoxdur. Hazırda fermerlər növbəti ilin məhsulu üçün payızlıq səpinə hazırlaşır.

Bu zavod işə düşdükdən sonra, burada yüksək keyfiyyətli, kondisiyaya uyğun dərmanlanmış, hərtərəfli kolibrləşmiş toxum istehsal olunur. Yəni, bu gün toxumçuluğun yüksək səviyyədə intensiv inkişafı üçün ən yaxşı şərait yaradılıb. Bu isə gələcək məhsul üçün əsas bünövrədir.

Gələcəkdə zavodda toxumluq taxılla bərabər, digər dənli bitkilərin də keyfiyyətinin yoxlanılması və emalı nəzərdə tutulur.

Mənbə: azertag.az