SƏUDİYYƏ ƏRƏBİSTANINDA HASİLATIN AZALMASI İLƏ NEFT QİYMƏTLƏRİ KƏSKİN ARTIB

SƏUDİYYƏ ƏRƏBİSTANINDA HASİLATIN AZALMASI İLƏ NEFT QİYMƏTLƏRİ KƏSKİN ARTIB

London birjasının açılışı zamanı neft qiymətlərində kəskin artım müşahidə olunub. Buna səbəb “Saudi Aramco” şirkətinin zavodlarına edilən hücum və ardından Ər-Riyad tərəfindən hasilatın azaldılması qərarı olub.

“Saudi Aramco” şirkətinin zavodlarına dron hücumları fonunda Səudiyyə Ərəbistanı hasilatı azaltdıqdan sonra ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində neft qiymətlərində kəskin artım müşahidə edilib. “Brent” markalı neftin noyabr fyuçersi 13,86% artaraq bir bareli 69,91 dollar olub. Bu zaman ticarət əməliyyatlarının ilk dəqiqələrində “Brent” markalı neftin qiyməti 71,95 dollaradək qalxıb. Lakin birja bağlananadək ticarət sessiyası çərçivəsində yekun qiymət təxminən 60 dollardan bir qədər yuxarı olub.

“WTI” markalı neftin oktyabr fyuçersi 11,23% artaraq bir bareli 61,79 dollar olub. Birja bağlananadək ticarət sessiyası çərçivəsində yekun qiymət 55 dollara düşüb. Ötən gün analitiklər və treyderlərin “Reuters” agentliyinə verdiyi məlumatda sentyabrın 16-ı birja açılanda neftin qiymətinin 5-10 dollar bahalaşacağı gözlənilib. Bu zaman səslənən ehtimallara əsasən, Səudiyyə Ərəbistanı neft tədarükünü qısa zaman ərzində bərpa edə bilməsə, uzunmüddətli perspektivdə qiymətlər 100 dollara qalxa bilər. Xatırladaq ki, Ər-Riyad “Saudi Aramco” şirktəinin iki böyük neft yatağında yanğın baş verdikdən sonra hasilatı məhdudlaşdırmaq qərarına gəlib. Yanğına dron hücumu səbəb olub. Sentyabrın 14-ü Abkayk və Hurays yataqları hücuma məruz qalıb. Hücum krallıqda neft hasilatının təxminən iki dəfə azalmasına gətirib çıxarıb. “Saudi Aramco” şirkətinin prezidenti və baş direktoru Amin Həsən ən-Naser (Amin Hassan Al-Nasser) bildirib ki, şirkət sutkada 5,7 milyon barel hasilatı dayandırıb. “Reuters” və “Bloomberg” agentliyinin mənbələri bu rəqəmin sutkalıq hasilat həcminin yarısını təşkil etdiyini vurğulayıblar. ABŞ-ın dövlət katibi Mayk Pompeo (Mike Pompeo) İran hökumətini Səudiyyə Ərəbistanının neft yataqlarına hücuma görə məsuliyyət daşıdığını bildirib, bütün ölkələri hücumu “ictimai və qeyd-şərtsiz şəkildə” qınamağa çağırıb. Bu zaman hücuma görə məsuliyyəti husilər öz üzərlərinə götürüblər.

Mənbə: www.xpressa.net