Ər-Riyadda neft və neft-kimya sənayesində yanğın təhlükəsizliyinə dair beynəlxalq konfrans keçiriləcək

Ər-Riyadda neft və neft-kimya sənayesində yanğın təhlükəsizliyinə dair beynəlxalq konfrans keçiriləcək

Ər-Riyad, 16 sentyabr, AZƏRTAC

Bu gün Ər-Riyadda Səudiyyə Ərəbistanının Daxili İşlər naziri, sənaye təhlükəsizliyi üzrə Ali Orqanın sədri şahzadə Əbdül Əziz bin Saud bin Naefa bin Əbdül Əzizin rəhbərliyi ilə “Səudiyyə Ərəbistanının neft və neft-kimya sənayesində yanğın təhlükəsizliyi” adlı beynəlxalq konfrans öz işinə başlayacaq.

AZƏRTAC xəbər verir ki, üçgünlük konfransın məqsədi neft, qaz və neft-kimya sənayesində yanğınların reallığının icmalı, həmçinin yanğınların qarşısının alınması üçün qabaqcıl təcrübə və innovasiyaların nəzərdən keçirilməsidir. Tədbir çərçivəsində neft sahəsinin yanğından müdafiəsinə həsr olunmuş sərgi keçiriləcək. Sərgidə yanğın təhlükəsizliyinə dair ən müasir texnologiyalar və sistemlər, proqram təminatı, məsləhət xidmətləri və təhsil proqramları təqdim olunacaq.

Qeyd edək ki, konfrans bu günlərdə pilotsuz uçan aparatların Səudiyyə Ərəbistanında 2 neft emalı zavoduna hücumu və bunun nəticəsində güclü yanğının baş verməsindən sonra keçirilir. Şənbə gününə keçən gecə Yəmənin üsyançı-husiləri ölkənin neft obyektlərinə hücum ediblər. Zavodlara onların döyüşçüləri tərəfindən 10 dronla hücum edilib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

Mənbə: azertag.az