Azərbaycan-Çin iqtisadi əlaqələri - VİDEO

Azərbaycan-Çin iqtisadi əlaqələri - VİDEO

Azərbaycan və Çin arasında bütün sahələrdə olduğu kimi, iqtisadi müstəvidə əlaqələr son illər sürətlə inkişaf edir.

2015-ci ildə Prezident İlham Əliyevin Çinə dövlət səfəri və səfər zamanı dövlət başçılarının ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının genişlənləşdirilməsi ilə bağlı əldə etdiyi razılaşmalar artıq öz bəhrəsini verməkdədir.

Təsadüfü deyil ki, ötən dövrdə həm ticarət dövriyyəsi, həm qarşılıqlı sərmayə qoyuluşunda ciddi artım qeydə alınıb. Bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2,3 dəfə artaraq 1,4 milyard ABŞ dollarından çox olub.

Çindən Azərbaycan iqtisadiyyatına 800 milyon ABŞ dollarından çox, Azərbaycandan isə Çinə 1,7 milyard dollar sərmayə yatırılıb. Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika və sair sahələrdə uğurlu əməkdaşlıq edir.

Dünyanın ən böyük ixracatçısı və ən böyük ikinci idxalçı ölkəsi olan Çin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü "Bir kəmər, bir yol" strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradıb.

Ölkəmiz Çinin yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, strategiyanı dəstəkləyən ilk ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi, o cümlədən nəqliyyat-logistika imkanları ilə strategiyanın həyata keçməsinə böyük töhfələr vermək iqtidarındadır.

Bu imkanları ilə Azərbaycanın “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri də ən yüksək səviyyədə dəfələrlə bəyan ediblər.

Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyev ilə bu ilin aprelində Pekində keçirdiyi görüş zamanı deyib: "Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Siz həm də "Bir kəmər, bir yol" layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən və bu işdə fəal iştirak edənlərdən birisiniz. Sizin ölkəniz Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır.

Prezident İlham Əliyev öz növbəsində ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunun dövlət başçıları səviyyəsində "Daha parlaq birgə gələcəyin qurulması" mövzusunda çıxışında ölkəmizin "Bir kəmər, bir yol"a verdiyi dəstəyə və bu çərçivədə əməkdaşlıq imkanlarına toxunub: ---“

"Üç il öncə Azərbaycan və Çin "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalayıb. Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq. Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Altı beynəlxalq hava limanı müasir nəqliyyat infrastrukturunun yaradılmasına növbəti töhfəmizdir. Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" Beynəlxalq Nəqliyyat Reytinq Agentliyi tərəfindən ən yaxşı regional hava limanı kateqoriyasında beş ulduza layiq görülüb. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O, eyni zamanda, qitələri birləşdirir, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir”.

Prezident İlham Əliyevin Çinə sonuncu səfəri zamanı iki ölkənin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb.

Bununla yanaşı, ikitərəfli iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, xüsusən də Azərbaycandan Çinə ixracın artırılması məqsədi ilə əhəmiyyətli işlər görülür.

Hazırda Çində Azərbaycanın 2 şərab və 1 ticarət evi fəaliyyət göstərir. Daha 3 ticarət və 1 şərab evinin açılması nəzərdə tutulur. Azərbaycan istehsalçıları mütəmadi olaraq Çində keçirilən beynəlxalq sərgilərdə iştirak edir, bu ölkəyə ixrac missiyaları təşkil olunur. Ötən il Çin tarixində ilk dəfə keçirilmiş Birinci Beynəlxalq İdxal Sərgisində Azərbaycan vahid ölkə stendi ilə böyük çeşiddə məhsullarını nümayiş etdirib.

Bu işlər Azərbaycan məhsullarının Çində daha çox tanıdılmasına və satışına, son nəticədə ikitərəfli iqtisadi-ticari əlaqələrin genişlənməsinə imkan yaradır.

Mənbə: www.realtv.az