Qazaxda 421 ton yaş tütün tədarük olunub

Qazaxda 421 ton yaş tütün tədarük olunub

Qazax, 21 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

"Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”na əsasən respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da tütünçülüyün inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Artıq dördüncü ildir ki, Qazax rayonunda tütün becərilir. Kənd təsərrüfatında iqtisadi cəhətdən gəlirli sahə hesab edilən tütünçülüyün inkişaf etdirilməsi rayonda yeni iş yerlərinin açılması baxımından da əhəmiyyətlidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari ildə Qazax rayonunda 65 hektar sahədə tütün əkilib.

Əvvəlki illərdə yüksək nəticə əldə edən tütünçülər bu il də daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirləri yerinə yetiriblər. Artıq bir neçə aydır ki, təsərrüfatlarda tütün dərimi davam edir. Tütün dəriminin vaxtında və itkisiz başa çatdırılması üçün dərilmiş məhsul əkin sahələrinin yaxınlığında hazırlanmış xüsusi yerlərdə ipə düzülərək qurudulur. Bu günədək 421 ton yaş tütün tədarük edilib. 33 tondan çox qurudulmuş tütün isə "İlham-M” MMC-yə təhvil verilib. Hazırda tütün dərimi sürətlə davam edir.

Qeyd edək ki, 2016-cı ildə cəmi 10 hektarda tütün əkilmişdisə, 2017-ci ildə bu rəqəm 50 hektara çatdırılıb. Aqrotexniki tədbirləri vaxtında həyata keçirən təsərrüfat sahibləri həmin sahələrdən 80 tondan çox məhsul götürüb. 2018-ci ildə isə tütünçülər əkin sahələrini daha 10 hektar genişləndirərək 60 hektara çatdırıblar. Həmin il sahədən toplanmış 98 tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilib.

Mənbə: azertag.az