Ət satışı qaydalarını pozanlar 5 min manat cərimə olunacaq...

Ət satışı qaydalarını pozanlar 5 min manat cərimə olunacaq...

“Heyvanların identifikasiya prosesi baş tutduqdan sonra onun üzərinə nişan qoyulmalıdır, bu qərar köhnə baytarlığın vurduğu dairəvi möhürü əvəz edəcək”

Məlum olduğu kimi, Azərbaycanda heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə, yaxud ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişan qoyulmasına görə 5 qəpikdən - 5 manatadək dövlət rüsumu tutulacaq. Qeyd edək ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması qaydaları”nda müvafiq dəyişiklik edib. Xatırladaq ki, bir neçə ay əvvəl Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, artıq qurum Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə heyvanların identifikasiyası sahəsində işlərə başlayıb. Ət satışı ilə bağlı edilən dəyişikliklərə münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qeyd etdi ki, əvvəlcə heyvanların identifikasiya prosesi aparılmalıdır: “Yəni heyvan doğulduğu andan ölənə qədər, eyni zamanda ölkəyə idxal edilən bütün heyvanlar identifikasiya olunmalıdır. Bu elə bir prosesdir ki, bu zaman heyvan doğulanda qeydiyyata salınır, heyvana vurulan peyvəndlər, keçirdiyi xəstəliklər və bir çox proseslər daima izlənilir. Ətlərin keyfiyyətinə insanların inanması üçün bu baş tutmalı, ilk növbədə bu məsələ həll edilməlidir”.

Həmsöhbətimizin sözlərinə görə, hazırda ölkədəki heyvanların heç 1 faizinin belə identifikasiyası aparılmayıb. Heyvanların identifikasiya prosesi baş tutduqdan sonra onun üzərinə nişan qoyulmalıdır: “Zənnimcə, bu qərar köhnə baytarlığın vurduğu dairəvi möhürü əvəz edəcək. Onu da deyim ki, dairəvi möhürə insanlar artıq etibar etmir. Heyvanların identifikasiya prosesi baş tutsa, bu nişanların önəmi olacaq. Əks halda, bunun dəyişikliklərə səbəb olacağına inanmıram”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com