Nazir:"Bu ilin sonuna qədər bərpaolunan enerji ilə bağlı qanun layihəsinin qəbulu gözlənilir"

Nazir:"Bu ilin sonuna qədər bərpaolunan enerji ilə bağlı qanun layihəsinin qəbulu gözlənilir"

Bu ilin sonuna qədər Azərbaycanda bərpaolunan enerji mənbələri ilə bağlı qanun layihəsinin qəbul edilməsi gözlənilir.

Bunu Moskvada keçirilən “Rusiya Enerji Həftəsi” ənənəvi formunda iştirak edən Azərbaycanın Energetika naziri Pərviz Şahbazov "Report"a açıqlamasında deyib.

Nazir dünyada bərpaolunan enerjinin forum çərçivəsində gündəmdə olan mövzulardan olduğunu vurğulayıb. “Əlbəttə ki, bu forumda iştirak edənləri ilk növbədə gələcəkdə enerji sektorunda transformasiyanın necə baş verecəyi maraqlandırır. Bərpa olunan enerji dünyada necə tətbiq olunacaq, onun potensialı nədir, gələcək imkanları nədir?! Bilirsiniz ki, may ayında Azərbaycanın Prezidenti tərəfindən verilən sərəncamla bərpa olunan enerji sektoruna ölkəmizdə xüsusi önəm verilir. Bu sahədə ciddi addımlar atıllır, qanun layihəsi hazırlanılır. Bu ilin sonuna qədər biz bu qanun layihəsinin qəbul edilməsini gözləyirik. Bu sahədə bir çox şirkətlərlə əməkdaşlıq haqqında memorandum imzalanıb. Artıq bir neçə şirkət bərpa olunan enerji sahəsində Azərbaycana təkliflər verib. Biz gələn il ölkəmizdə bu barədə tender elan etmək fikrindəyik".

Nazir bu sahədə pilot layihələrin də həyata keçirilməsinin istisna olunmadığını əlavə edib.

P.Şahbazov Azərbaycanın forumda iştirakından da danışaraq qeyd edib ki, Azərbaycan enerji ölkəsi olduğu üçün burada enerji sektoruna aid olan bütün məsələlər müzakirə olunur: "Bizim iştirakımız burada kifayət qədər aktivdir. Sözsüz ki, neft, neftin dünyada qiyməti, onun dəyişmə potensialı hamını maraqlandırır. Azərbaycan OPEC+ formatında aktiv iştirak etdiyi üçün, ümumiyyətlə neft mövzusunda fəal olan dövlət olduğu üçün bu foruma dəvət olunub. Biz də burada müzakirələrdə fikrimizi bildirib, digər ölkələrdən olan həmkarlarımızla proqnozlarımızı ortaya qoyuruq. Eyni zamanda, burada qaz sahəsində məsələlər də geniş müzakirə olunub. Bilirsiniz ki, Azərbaycan son zamanlar neft ixracı ilə yanaşı, dünyada qaz ixrac edən ölkə kimi də tanınır. Artıq Azərbaycan böyük beynəlxalq layihələrlə, həmçinin, “Cənub Qaz dəhlizi” vasitəsi ilə Avropa ölkələrində enerji təhlükəsizliyində, qazla təhcizatında rol oynayır və öz töhfəsini verir. Biz bütün bu mövzular ətrafında fikir mübadiləsində iştirak etdik”,- deyə P.Şahbazov qeyd edib.

Azərbaycanın energetika naziri Moskvada “Rusiya Energetika Həftəsi -2019” Beynəlxalq Forumu ərzində keçirilən görüşlər barədə də danışıb.

“Bizim ikitərəfli görüşlərimiz də olub, yenə də davam edir. Qeyd edim ki, həm Rusiya, həm də OPEC-in Baş Katibi Məhəmməd Barkindo ilə ikitərəfli görüş keçirdik. Gündəmdə duran mövzular müzakirə edildi. Bundan başqa, forum çərçivəsində bir çox şirkətlərlə də görüşlər keçirdik, bu görüş və müzakirələr davam edir”.

İqbal Rüstəmov

Mənbə: report.az