Azərbaycanda məhsul və xidmətlərin sertifikatlaşdırılması üzrə 10-dan çox qurum fəaliyyət göstərir

Azərbaycanda məhsul və xidmətlərin sertifikatlaşdırılması üzrə 10-dan çox qurum fəaliyyət göstərir

"Bir çox xarici şirkətlər istehlakçılara sertifikatlaşdırma vasitəsilə məhsulun yüksək keyfiyyətdə olmasını sübut etmək üçün çoxlu vaxt və maliyyə vəsaiti sərf edir".

APA-nın məlumatına görə, bunu Türkiyənin "İntersert Uygunluk Değerlendirme Hizmetleri Anonim Şirketi"nin Azərbaycan nümayəndəliyinin açılışı mərasimində çıxışı zamanı Azərbaycan Akkreditasiya Mərkəzinin direktor müavini Ruslan Ömərov bildirib.

Onun sözlərinə görə, bu da təsadüfi deyil, çünki sertifikatlaşdırma ölkənin iqtisadi əlaqələrinin inkişafında, məhsulun daxili və xarici bazarda satışının artmasında və uzun müddət bazarda möhkəmlənməsində effektiv vasitə hesab olunur: "Sertifikatlaşdırma dövlət və ictimai maraqların təmin olunması, könüllülük və məcburilik, obyektivlik, etibarlılıq, istehlakçıya sertifikatlaşdırma orqanı və sınaq laboratoriyasının seçilməsi prinsipləri əsasında həyata keçirilir. Bazar münasibətləri şəraitində məhsulların sertifikatlaşdırması istehlakçıda məhsula inamı artırır. Lazımi keyfiyyətdə məhsulun seçilməsini asanlaşdırır, istehlakçılara məhsulun keyfiyyəti haqqında dolğun məlumatların çatdırılmasını təmin edir".

R.Ömərov bildirib ki, 2012-ci ilədək Azərbaycanda sertifikatlaşdırma fəaliyyətini yalnız dövlət qurumları həyata keçirirdi: "Lakin sertifikatlaşdırma sahəsində işlərin səmərəli həyata keçirilməsinin təmin edilməsi və beynəlxalq təcrübənin tətbiqinin vacibliyi nəzərə alınaraq ölkə prezidenti tərəfindən 2012-ci ilin aprel ayında fərman imzalanıb. Bununla da bütün sertifikatlaşdırma fəaliyyəti akkreditasiya edilmiş müstəqil qurumlara verilib. Bu qurumların verdiyi nəticələrinin uyğunluğunun qiymətləndirilməsi, sertifikatların beynəlxalq tanınmasının təmin edilməsi Azərbaycan Akkreditasiya Mərkəzinin üzərinə düşür. 2017-ci ildə başlamış "Azərbaycanda akkreditasiya sisteminin gücləndirilməsi" adlı Tvinninq layihəsi hazırda yekunlaşmaq üzrədir. Bu layihə çərçivəsində beynəlxalq tələblərə uyğunlaşdırma istiqamətində bir çox işlər görüb. Hazırda Azərbaycanda məhsul və xidmətlərin sertifikatlaşdırılması üzrə 10-dan çox qurum fəaliyyət göstərir".

Mənbə: apa.az