QƏRB TÜRKMƏNİSTAN VƏ AZƏRBAYCAN ARASINDA QAZ KƏMƏRİNİN ÇƏKİLMƏSİNİ DƏSTƏKLƏYİR

“Son vaxtlar Xəzər dənizinin dibi ilə çəkilməsi nəzərdə tutulan Transxəzər qaz kəməri layihəsi ilə bağlı müzakirələr yenidən başlayıb. Xəzəryanı dövlətlər layihənin reallaşdırılmasını dəstəkləyir. Qərb ölkələri və beynəlxalq maliyyə strukturları isə qaz kəməri layihəsinə informasiya və siyasi dəstək göstərir”, - siyasi elmlər doktoru Sergey Sergeyeviç “Nezavisimaya Qazeta” nəşrində yazır.

Məqalə müəllifi Transxəzər qaz kəmərinin obyektiv səbəblərdən dolayı hələ də inşa edilmədiyini xatırladır: “Birincisi, Azərbaycanda böyük qaz ehtiyatları aşkarlanıb. Bu da Bakının Türkmənistandan qaz kəməri tikintisinə marağını azaldıb. Çünki türkmən qazı Azərbaycana lazım olmayıb. Sonda Türkmənistanın qaz yataqlarında hasil edilən yanacağın böyük bir hissəsi Çin istiqamətində nəql edilib. Bu da Aşqabada ixrac məsələsini müvəqqəti həll etməyə imkan yaradıb, həmçinin Avropanın qaz bazarı istiqamətində boru kəmərinin çəkilməsinə marağı azaldıb”.

“Xəzəryanı ölkələrdə qaz hasilatının elə də yüksək tempdə olmasına, həmçinin onun müxtəlif coğrafi istiqamətlər üzrə istifiadə edilməsinə baxmayaraq, Transxəzər qaz kəməri layihəsinə maraq israrla AB və ABŞ tərəfdən dəstəklənir. Qərbdə bu layihə ixrac marşrutlarının diverfikasiyası kimi təqdim edilir. Əslində isə layihə AB və ABŞ-ın diqqət mərkəzində olan Xəzəryanı ölkələrə siyasi təzyiq vasitəsi kimi istifadə edilir”, - məqalədə deyilir.

Bu zaman ekspert Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyaya tamamilə məhəl qoyulmadığını qeyd edir: “Sənəd ötən ilin avqust ayı beş xəzəryanı dövlətin liderləri tərəfindən imzalanıb. Konvensiyada dənizin dibi ilə boru kəmərlərinin çəkiliş şərtləri dəqiq şəkildə təsvir edilib. Xatırlatmaq lazımdır ki, sənəd Xəzər dənizinin dibi ilə keçən magistral boru kəməri layihələrinin reallaşdırma şərtlərini müəyyənləşdirir”.

“Layihənin reallaşdırılması ilə bağlı sualların siyasiləşdirilməsi region ölkələrinin energetikası sahəsində parlaq hadisələrin baş vermədiyi bir vaxtda gedir. Son illər xəzəryanı ölkələrdə karbohidrogen hasilatında kəskin artım müşahidə edilmir. Bütün məlumatlar və proqnozlar onu göstərir ki, hələlik Türkmənistanda əlavə qaz həcminin meydana çıxmasını gözləməyə dəyməz”, - Sergey Sergeyeviç yazır.

Türkmənistan-Çin qaz kəməri ilə 36 milyard kub metr qaz ixrac olunub. Halbuki kəmərin buraxıcılıq qabiliyyəti 55 milyard kub metr təşkil edir. Türkmənistandan İran istiqamətində boru kəmərləri 20 milyard kub metr qaz üçün hesablansa da, həmin xətt ilə ildə 8 milyard kub metr qaz tədarük edilib.

Azərbaycan tərəfi siyasi cəhətdən Transxəzər qaz kəməri layihəsini dəstəkləyir. Hərçənd türkmən və azərbaycan qazı hazırda bir-birinə rəqib hesab edilir. Azərbaycanın “Şahdəniz – 2” yatağından hasil edilən mavi yanacaq Türkiyə ilə birgə yaradılan, Avropa bazarına istiqamətlənəcək “TANAP” xətti ilə tədarük edilmək üçün nəzərdə tutulub.

Yaranmış vəziyyətdə Rusiya xəzəryanı ölkələrlə siyasi əməkdaşlığı genişlətməyə çalışır, onu energetika sahəsində konkret sazişlərlə möhkəmlədir. Son vaxtlar Rusiya ilə Türkmənistanın energetika sahəsində qarşılıqlı münasibətlər yenidən aktivləşib. Ötən ilin sonunda iki ölkə qaz sahəsində 2016-cı ildə dayandırdıqları əməkdaşlıqla bağlı danışıqları bərpa ediblər. Söhbət 2019-cu ildən türkmən qazının alışının bərpa edilməsindən gedir. Özü də AB və ABŞ Transxəzər qaz kəməri layihəsinə siyasi dəstək göstərməklə Türkmənistanı aktiv şəkildə buna doğru itələyib.

“Aydındır ki, perspektivdə regiondan karbohidrogen ixracı və hasilatında artım gözləməyə ehtiyac yoxdur. Transxəzər qaz kəməri layihəsinin müzakirəsini israrla bərpa edən Qərbin yürütdüyü siyasət “Xəzər beşliyi” çərçivəsində inamın, həmçinin iqtisadiyyat və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyət səviyyəsinin zəiflədilməsinə yönəlib”, - məqalənin sonunda deyilir.

Xpressa.net

ƏVVƏLKİ XƏBƏR

Bakı metrosunda bıçaqlanma - VİDEO

SONRAKI XƏBƏR

57 yaşlı kişi hündürlükdən yıxılıb öldü