RUSİYA VƏ TÜRKİYƏ QARŞILIQLI TİCARƏTDƏ DOLLARDAN İMTİNA EDİB

Rusiya və Türkiyə qarşılıqlı ticarətdə milli valytutadan (rubl və lirə) istifadəyə dair razılaşma imzalayıb. Məqsəd qarşılıqlı ticarətdə milli valyutalardan istifadəyə keçidi təmin etməkdir. Məlumatda deyilir ki, bunun üçün rus və türk şirkətləri arasında fasiləsiz ticarəti təmin etmək və infrastrukturu hazırlamaq lazımdır.

Rusiya Maliyyə Nazirliyindən “RBC” agentliyinə bildirilib ki, Türkiyə ilə imzalanan sənəd Çinlə cari ilin iyun ayında əldə olunan analoji sazişdən sonra bu qəbildən olan ikinci belə sazişdir.

Türkiyə ilə razılaşma aşağıdakı məsələləri nəzərdə tutur:

- Türkiyədə Rusiyanın “Mir” kartlarının qəbul infrastrukturunun genişləndirilməsi;

- Türk bankları və şirkətlərinin “SWIFT” sisteminin rus analoquna – Rusiya Bankı maliyyə məlumatlarının ötürülməsi sisteminə qoşulması;

- Perspektivdə başqa ölkələrin milli maliyyə məlumatları mübadiləsi sisteminə qoşulması;

- Transsərhəd ticarətin inkişafı üçün Rusiya və Türkiyənin kommersiya bankları arasında birbaşa müxbir hesablardan istifadə təcrübəsinin genişləndirilməsi;

- İki ölkənin milli bazarlarında rub və lirə ilə istiqrazların buraxılması.

Maliyyə Nazirliyindən “RBC” agentliyinə bildirilib ki, 2018-ci ilin nəticələrinə əsasən Türkiyə ilə rubl və lirə ilə ticarət 22% təşkil edib, bunun 21,1%-i rublun payına düşüb. İkitərəfli ticarətin 65% yenə də dollarla həyata keçirilib.

Avqustda Podmoskovyedəki zibillikdən Maliyyə Nazirliyinin sənədləri tapılıb. Həmin sənədlərdən birində Rusiya və Türkiyənin milli valyutalarla ticarətin təşkili, o cümlədən Rusiyanın “Mir” kartına xidmət və türk bankları ilə türk şirkətlərinin “SWIFT” sisteminin rus analoquna qoşulması haqqında danışıqların getdiyi qeyd olunub. Məsələyə “Bloomberg” agentliyi diqqət çəkib. Maliyyə nazirinin müavini Aleksey Moiseyev agentliyə Türkiyə ilə danışıqlar aparıldığını təsdiqləyib.

“Rusiyanın Türkiyə ilə ticarətdə milli valyutalara keçmək istəyinin işə yarayacağı şübhəli görünür”, - ABŞ Maliyyə Nazirliyinin sanksiya şöbəsinin (OFAC) baş məsləhətçisi Brayan O'Tul (Brian O'Toole) bildirib. Ekspertin fikrincə, türk lirəsinin “dollardan asılılığı çox güclüdür, ona görə yalnız siyasi bəyanatları nəzərə alsaq, Amerika valyutasından imtina mümkün görünmür”.

İlk dəfə Rusiya və Türkiyə 2014-cü ilin sentyabr ayında qarşılıqlı ticarətdə milli valyutalardan maksimum istifadə barədə razılığa gəliblər. Ötən il iki dövlət dollardan imtina etməklə “S-400” zenit-raket kompleksinin tədarükü ilə bağlı sazişi həyata keçirə bilib.

Moskva Qırğızıstanla ticarətdə də rubla keçməyə razılıq verib. Həmçinin Hindistan, Yaponiya, Monqolustan, Vyetnam, İndoneziya, BƏƏ, Misir və İranla milli valyuta ilə qarşılıqlı ticarətin genişləndirilməsi planlaşdırılır. Ötən ilin oktyabr ayı Rusiya və Hindistan “Triumf” sisteminin tədarükü ilə bağlı müqavilə imzalayıb. Ödəniş rublla həyata keçiriləcək. İki ölkə gələcəkdə də rubl və rupi ilə müdafiə sazişlərinin imzalanmasına dair razılığa gəlib. İranla bütün ticarət artıq milli valyutalarda aparılır. Bu barədə ötən ay İran Mərkəzi Bankının rəhbəri bəyana verib.

Xpressa.net

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan millisinin Bəhreynlə görüşdəki start heyəti açıqlanıb

SONRAKI XƏBƏR

Səfir Mixail Myatlıkov: Minskdə Azərbaycan məhsullarına böyük maraq var