Zaqatala yüksək inkişaf yolunda: Nailiyyətlər və hədəflər

Zaqatala yüksək inkişaf yolunda: Nailiyyətlər və hədəflər

Prezident İlham Əliyev cənablarının ölkədə apardığı uğurlu iqtisadi siyasətin tərkib hissəsi olaraq Zaqatala rayonu sürətli inkişaf mərhələsindədir.

Zaqatala rayonu ölkənin əsas iqtisadi prioritet sahələrindən biri olan aqrar sektorun demək olar ki, ən çox inkişaf etdiyi rayonlar arasında öncül yerlərdən birini tutur. 2018-ci ildə olduğu kimi, 2019-cu ilin doqquz ayı ərzində də Zaqatalada ciddi nailiyyətlər əldə edilib.

Zaqatala rayonunun digər özəlliyi isə gözəl təbiətə, coğrafi üstünlüyə malik olmasıdır. Rayonda aqrar sektorun inkişafı, xüsusəndə ölkədən ixrac edilən məhsulların əkininə yerli fermerlərin daha çox önəm verməsi buraya xarici sahibkarların axınını sürətləndirir.

Zaqatalada əkin suyu təminatı yaxşılaşdırılır

Zaqatala rayon rəhbərliyinin işgüzarlığı və əhali ilə qarşılıqlı etimada söykənən sıx işbirliyi rayonda əldə olunan nailiyyətləri daha da artırıb.

Çayçılıq Zaqatala rayonunun kənd təsərrüfatında ənənəvi sahələrdən hesab olunur. Hazırda rayon ərazisində 60 hektar çay plantasiyaları var. Bu plantasiyaların yalnız 30 hektarı barverəndir. Rayonda fəaliyyət göstərən "Zaqatala-Çay” MMC-nin fabrikində ötən il 5,5 ton quru çay istehsal olunub. Çayçılığın inkişafı, məhsuldarlığın artırılması üçün ötən il Qazangül ərazisində bir ədəd subartezian qazılaraq istismara verildi. Azərbaycan Prezidentinin "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2019-cu il 12 fevral tarixli Sərəncamının icrası olaraq 2019-cu ildə isə Zaqatalada 13 subartezian və artezian quyusu qazılaraq istifadəyə veriləcək.

Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq, 2014-2018-ci illərdə təkcə Zaqatala rayonunda 67 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyuların istismara verilməsi nəticəsində Zaqatala rayonunda 650 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb.

Zaqatalada 20 hektar sahədə xurma, 500 hektarda isə fındıq bağları salınıb

Zaqatala rayonunda kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri də xurmaçılıqdır. Ötən il rayonun xurma bağlarından 5,5 min tondan çox məhsul yığılıb. Tədarük olunan xurma satış üçün daxili bazarla yanaşı, Rusiyaya da ixrac olunub.

Hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsi 386 hektardır. Bu bağların 336 hektarı barverəndir. Son illər rayonda 20 hektar sahədə yeni xurma bağları salınıb. Yeni bağlar salınarkən "Şişburun” xurma sortuna daha çox üstünlük verilir. Bazarlarda xurmanın bu sortuna tələbat yüksəkdir.

Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə son illər Zaqatala rayonunda yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, 2018-ci ilin yaz və payız mövsümlərində rayon ərazisində 1353,5 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 19 min 505 hektara çatdırılıb. Bu il dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində daha 500 hektarda yeni fındıq bağlarının salınması nəzərdə tutulur.

Fındıq tinglərinin əkiləcəyi ərazilər müəyyənləşdirilib. Sahələr şumlanaraq əkin üçün hazır vəziyyətə gətirilib. Əkin kampaniyasına yaxın günlərdə başlanılacaq.

Yaz mövsümünün gəlişi ilə əlaqədar hazırda fındıq bağlarına aqrotexniki qulluq olunur, budama və təmizlik işləri aparılır, bağlar suvarılır.

Qeyd edək ki, 2018-ci ildə rayonun fındıq bağlarından 15 min tondan çox məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 1600 tona yaxın artıb.

Bu il rayonda 649 hektar tütün, 100 hektar soya əkilib

Bu il Zaqatala rayonunun təsərrüfatlarında 649 hektar sahədə tütün əkilib. Builki mövsümdə zaqatalalı fermerlər 439 hektar sahədə "Virciniya”, 17 hektarda "Berley”, 193 hektarda isə yerli tütün sortları əkilib.

Qeyd edək ki, dövlətimizin başçısının regionların mövcud iqtisadi potensialından səmərəli istifadə edilməsi ilə bağlı verdiyi tapşrıq və tövsiyələrə uyğun olaraq, son illər bölgənin digər rayonları kimi, Zaqatalada da kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Qeyd edək ki, zaqatalalı fermerlər ötən il 875 ton quru tütün istehsal ediblər.

Zaqatala rayonunun fermerləri artıq üçüncü ildir ki, soya bitkisinin əkininə maraq göstərirlər. 2018-ci ildə fermerlər 100 hektar soya sahəsindən 194 ton məhsul tədarük ediblər. Builki mövsümdə isə rayonda soya bitkisinin əkin sahəsi 2 dəfədən çox artırılaraq 231 hektara çatdırılıb. Bu il rayonda soya sahələrindən 400 tondan çox məhsul gözlənilir.

Zaqatalada bu il 280 ton gül ləçəyi, 52 ton 945 kiloqram yaş barama istehsal edilib

Zaqatala rayonunda ənənəvi və ixrac potensialı yüksək sahələrdən biri də gülçülükdür. Son illər rayonda digər sahələrlə yanaşı, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Ötən il rayonun Aşağı Tala kəndində "AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsinin fəaliyyətə başlaması "Qızılgüllər diyarı” kimi tanınan Zaqatalada gülçülüyün əvvəlki şöhrətinin bərpa edilməsinə öz töhfəsini verməkdədir.

Bu il yaz mövsümündə müəssisənin ərazisində 20 hektarda yeni qızılgül plantasiyası salınaraq cəmiyyətə məxsus plantasiyaların ümumi sahəsi 181 hektara çatdırılıb. Plantasiyaların 144,8 hektarında "Dəməşq qızılgülü”, 36,2 hektarda isə "Lavanda” gülü əkilib. Bundan əlavə, cari ildə sınaq məqsədilə 0,5 hektar sahədə nanə plantasiyası da salınıb. Nəticə yaxşı olarsa, payızda nanə plantasiyasının sahəsinin 3 hektara çatdırılması nəzərdə tutulur.

Yaz aylarında cəmiyyətə məxsus 125 hektar bar verən qızılgül plantasiyasından 280 ton gül ləçəyi toplanıb. Bundan əlavə, 36 hektaradək bar verən "Lavanda” gülü plantasiyasından indiyədək 14 tondan artıq gül ləçəyi tədarük olunub.

Bu il zaqatalalı kümçülər üçün də uğurlu olub. Rayonda 52 ton 945 kiloqram yaş barama istehsal edilib. Məhsul istehsalı ötən illə müqayisədə 4 ton 841 kiloqram artıb.

Yeni yem müəssisələri istifadəyə verilib

Zaqatalada Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə rayonunun Əliabad və Qazangül kəndində yem emalı müəssisəsi kənd sakinlərinin və aqrar sahədə fəaliyyət göstərən mikro və kiçik sahibkarların istifadəsinə verilib.

Yem emalı müəssisəsində istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan taxıltəmizləyən, yem üyüdən və otdoğrayan avadanlıqlar quraşdırılıb.

Zaqatalada əhalinin sağlamlığlı və təhsilin keyfiyyəti diqqət mərkəzindədir

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, əhalinin pulsuz kütləvi tibbi müayinədən keçirilməsi Zaqatala rayonunda da yüksək formada aparılıb.

Aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 77 mindən çox sakin tibbi müayinələrə cəlb edilib. Müayinələr rayonun 5 tibb müəssisəsində - Rayon Mərkəzi Xəstəxanası, Müalicə Diaqnostika Mərkəzi, Əliabad qəsəbə, Danaçı və Yeni Suvagil kənd xəstəxanalarında əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında keçirilir. Müayinələrə yüksəkixtisaslı həkim və orta tibb işçiləri cəlb olunub. Bundan əlavə, səyyar həkim briqadası hərbi hissələrdə xidmət edən əsgər və zabitlərə, həmçinin xəstəxanalara gələ bilməyən xəstə və yaşlı insanlara evlərində xidmət göstərilib.

Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, indiyədək müayinədən keçənlərin 3863 nəfərinə ambulator müalicə təyin edilib, 81 nəfər stasionar müalicəyə cəlb olunub, 7 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri Zaqatala rayonunun məzunları üçün də çox uğurlu olub. Belə ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 610 nəfər zaqatalalı məzundan 455-i tələbə adını qazanıb. İmtahanlarda iştirak edənlərin 71 faizi ali məktəblərə qəbul olunub. Eyni zamanda, əvvəlki illərin məzunlarından da 16 nəfər ali məktəblərə daxil olub. Qəbul imtahanlarında məzunlardan 50 nəfəri 500 baldan, 16 nəfər isə 600-dən çox bal toplayıb.

Ulu Öndərin hakimiyyətə gəlişinin 50 illiyi təntənə ilə qeyd edildi

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə hər zaman xalqını, Vətənini düşünüb, ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınıb. Onun formalaşdırdığı azərbaycançılıq ideyası Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən edib, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb.

Bu fikir ümummilli lider Heydər Əliyevin Azərbaycana hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətilə Zaqatala şəhərində keçirilən "Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi” mövzusunda konfransda səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən konfransda Ümummilli Liderin zəngin həyat yolu və çoxsahəli fəaliyyətindən geniş bəhs olunub.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirib ki, xalqımız hər il iyulun 14-də nadir tarixi şəxsiyyətlərdən biri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin növbəti ildönümünü qeyd edir. 1969-cu ilin iyulunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Məhz bu təyinatla Azərbaycanın müasir tarixində dönüş mərhələsinin təməli qoyulub. Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və zəngin biliyi ölkəmizin bütün sahələr üzrə dinamik inkişafına zəmin yaradıb, illər keçdikcə Azərbaycan ittifaq məkanında qabaqcıllar sırasına yüksəlib.

Bildirilib ki, Ümummilli Liderin hakimiyyətdə olduğu illər respublikanın hər yerində olduğu kimi, Zaqatala rayonunda da böyük quruculuq işləri görülüb, rayon iqtisadiyyatı sürətlə inkişaf edib, yeni istehsal müəssisələri fəaliyyətə başlayıb, onlarla sosial təyinatlı obyekt, o cümlədən təhsil, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, yeni yollar, körpülər salınıb.

Konfransda çıxış edənlər dahi rəhbərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi yolundakı tarixi xidmətlərindən, onun respublikamıza rəhbərlik etdiyi dövrlərdə ölkəmizin qazandığı uğurlardan bəhs edib, Ulu Öndərin siyasi xəttinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.

Rayon rəhbərliyi daim zaqatalalılarla birlikdədir

Prezident İlham Əliyev cənablarının tövsiyyə və tapşırıqlarına uyğun olaraq Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə yerli idarə və müəssisələrin rəhbərləri ilə birlikdə daim kəndlərə səfərlər edir, əhalinin təklif və problemlemlərini dinləyərək həlli istiqamətində müvafiq göstərişlərini verir.

2019-cu ilin 9 ayı ərzində rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Zaqatalanın 17 kəndinə (Mosul, Zəyəm, Yengiyan, Dağlı, Bəhmətli, Aşağı Tala, Lahıc, Uzuntala, Car, Yuxarı Çardaxlar, Fındıqlı, Cimcimax, Muxax, Makov, Çobankolı, Üçüncü Tala, Faldarlı) səfər edərək əhali ilə qəbul-görüş keçirmişdir.

Qarşılıqlı ehtiram və səmimiyyət əsnasında keçən görüşlərdə dövlət başçısı möhtərəm Prezident İlham Əliyev cənablarının yürütdüyü siyasətə dəstək nümayiş etdirilmiş, həmçinin qarşıda duran problem və qayğıların həlli üçün müzakirələr aparılmışdır.

Zaqatala rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin Prezident İlham Əliyevin ən məsuliyyətli və bacarıqlı kadrlarından biri olması və zaqatalalıların işgüzarlığı daha çox uğurların əldə olunacağına inamı artırır...

Qlobal.az

 

Mənbə: qlobal.az