“Petkim” cari ilin birinci yarısında “Star” NEZ-dən 260 min ton xammal alıb

“Petkim” cari ilin birinci yarısında “Star” NEZ-dən 260 min ton xammal alıb

İzmir, 10 oktyabr, AZƏRTAC

“Petkim PetroKimya Holding A.Ş.” bu ilin birinci yarısında “Star” neft emalı zavodundan (NEZ) 260 min ton xammal alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin icraçı direktoru Anar Məmmədov oktyabrın 10-da keçirdiyi mətbuat konfransında deyib.

“Petkim” nafta tələbatını tam həcmdə ödəməklə “Star” NEZ ilə sinerji yaratmağı, beləliklə ortamüddətli perspektivdə məhsuldarlığını artırmağı planlaşdırır. Ötən ilin son rübündə aparılan yenidənqurma işlərindən sonra yüksək istehsal göstəricisinə nail olan “Petkim” cari ilin ikinci rübündə istehsal gücünü 100 faizə çatdırıb”, - deyə o bildirib.

Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. O dövrdə “Petkim”in dövriyyəsi 2,1 milyard türk lirəsi olub. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollar investisiya qoyulub. Şirkət üçün ciddi bir sərmayə proqramı var və bu investisiya 2009-2012-ci illər arasında tədricən həyata keçirilib. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir. “Petkim” Türkiyənin neft-kimya məhsuluna olan tələbatının 20 faizini ödəyir.

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. Hazırda STEAŞ “Petkim”də təxminən 51 faizlik paya sahibdir.

“Petkim” illik 3,6 milyon ton neft-kimya məhsulu istehsal edir.

Mənbə: azertag.az