Azərbaycanlı sahibkar Kolumbiyada yeni məhsuldar nar sortundan ibarət bağ salıb

Azərbaycanlı sahibkar Kolumbiyada yeni məhsuldar nar sortundan ibarət bağ salıb

Hacıqabul, 12 oktyabr, C.Rüstəmov, AZƏRTAC

Yerli alimlərimizin araşdırmaları nəticəsində “MinaŞirin” 2018-ci ildə rəsmi olaraq yeni nar sortu kimi təsdiqlənib. Yerli dədə-baba sortlarından seleksiya olunub. 2018-ci ildə seleksiya işləri başa çatandan sonra Kolumbiyada 10 hektar ərazidə pilot layihə olaraq nar bağı salmışıq. Əsas məqsədimiz odur ki, aprel-avqust aylarında ölkəmizdə nar yetişməyəndə oradan nar ixrac edək.

Bunu AZƏRTAC-a müsahibəsində “Red Valley” şirkətinin rəhbəri Rəşad Şirinov bildirib.

Hazırda Hacıqabuldakı nar təsərrüfatında yığım aparan şirkət rəhbəri deyib: “Kolumbiyada salınan nar bağının məhsulunu həm bu ölkənin daxili bazarında satmağı, həm də digər ölkələrə ixracı barədə düşünürük. Bu il ilk məhsul yığılacaq. İlkin nəticələr çox müsbətdir”.

Onun sözlərinə görə, “MinaŞirin” narının ağacı yüksək məhsuldarlığa malikdir. Meyxoş dadlı, irigiləlidir, sərin yerdə uzun müddət saxlamaq olur. Təxminən ağaca 40-50 kiloqram, hektara 350-400 ton məhsul əldə etmək olur. Hacıqabuldakı təsərrüfatdan Rusiya və ərəb ölkələrinə nar ixrac olunur. Avropa ölkələrinə ixrac istiqamətində isə danışıqlar aparılır.

Mənbə: azertag.az