BAHALI BAZAR: Oliqarxların istəyi ciblə uyğunlaşmır

BAHALI BAZAR: Oliqarxların istəyi ciblə uyğunlaşmır

Azərbaycanda mənzillərin baha olması bir çox, xüsusilə də aztəminatlı ailələri “evsiz” yaşamağa məcbur qoyur.

Bu gün ölkədə nə qədər evsiz insanın olması haqqında dəqiq rəqəm yoxdur. Müstəqil ekspertlərin hesablamalarına isə istinad etsək, vəziyyət acınacaqlıdır. Məsələn, iddia olunan rəqəmə görə, bu gün Azərbaycanda hər 1000 nəfərin cəmi 200-nün evi var. Bu isə Avropa ölkələri ilə müqayisədə 2.5-3 dəfə azdır. Maraqlı məsələ isə odur ki, ölkədə tikilən mənzillərin sayı da ehtiyac meyarından azdır. Mənzillərin sayı əhali artımı ilə müqayisədə də geri qalır. Əhalinin artım sürəti mənzillərin artım sürətindən xeyli çox olub. Məsələn, 1995-2017-ci illərdə öllkə əhalisi 29, amma mənzillərin sayı 21 faiz artıb. Rəsmi statistika isə belədir: hazırda şəhərlərdə 5.2 milyon nəfər yaşayır və onların təqribən 1.1 milyonunun mənzili var.

Mənzilə ehtiyacın bu qədər çox olduğu halda, niyə insanlar mənzil ala bilmir? Bunun bir çox səbəbləri var. Ən başlıca səbəb isə mənzillərin qiymətinin baha olmasıdır. Təbii ki, burada tikinti şirkətlərinin də əsaslandırması var. Şirkətlər qiymətlərin baha olmasını inşaat materialları, torpaq və digər texniki şərtlərlə əlaqələndirirlər. Məlumat üçün bildirək ki, hesablamalara görə, hazırda paytaxtda mənzilin ortalama qiyməti hər kvadratmetr üçün 1700 manat civarındadır. Ərazilərə uyğun olaraq isə qiymətlər fərqlənir. Məsələn, mənzillərin qiyməti hər kvadratmetr üçün rayonar üzrə götürsək, Abşeronda 900, Binəqədidə 1380, Nərimanovda 1900, Nəsimidə 2050, Nizamidə 1420, Qaradağda 1180, Sabunçuda 1300, Səbaildə 2950, Suraxanıda 980, Xətaidə 2030, Yasamalda 1760, Xəzər rayonunda isə 1050 manat civarındadır.

QEYD: Qiymətlərdə fərq yalnız binanın tikilməkdə olması və ya tam hazır olması ilə bağlı dəyişir.

Otaqlar üzrə isə bir otaqlı mənzilin ümumi sahəsi ortalama 56,4, iki otaqlı 90,54, üç otaqlı 128,7, dörd və beş otaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 185,4 və 190,0+ kvadratmetdir. Mənzillərin kvadtmerti ilə qiymətini nəzərə alsaq, mənzil sahibi olmaq üçün böyük bir vəsait lazımdır.

Maraqlıdır ki, hazırda paytaxtın demək olar, hər yerində hazır və tikilməkdə olan binalara rast gəlirik. Əksər binalarda satış üçün mənzillərin olduğu haqqında elanlar da görmək mümkündür. Yəni belə demək mümkündürsə, bazarda rəqabət var, amma qiymətlər ucuzlaşmaq əvəzinə, hər il orta hesabla 2-3 faiz bahalaşır.

Maraqlıdır, mənzillər niyə bahadır?

Bunun bir sıra səbəbləri var, amma ən başlıca səbəb tikinti şirkətlərinin bəlli əllərdə cəmləşməsidir. Bu gün istənilən tikinti şirkətini araşdırsaq, sonunda həmin şirkətin hansısa oliqarxa aid və ya onun nəzarəti altında olduğu məlum olacaq. Görüntü olaraq bazarda rəqabətli mühit görünsə də, bunun qiymətlərə təsir etməməsinin başlıca səbəbi də məhz “oliqarx” amilidir. Ona görə də qiymətlər bazara və real vəziyyətə uyğun formalaşmır, daha çox həmin oliqarxların şəxsi istəyi ilə təyin olunur. Rəqabət məcəlləsi və hüququ şəxslər üçün gəlir deklorasiyası haqqında qanun qəbul edilmədiyi üçün bu mənzərəni təkcə mənzil bazarında deyil, iqtisadiyyatın digər sahələrində də görürük.

Mənzil bazarında bu problemin aradan qaldırılması, aztəminatlı ailələrin mənzil sahibi olması üçün müəyyən addımlar atılıb. Məsələn, ipoteka kreditləri və son illər gündəmə gələn sosial evlər layihəsi aztəminatlı ailələr üçün nəzərdə tutulur. Amma bu da probleminin həllinə kömək etmədi və perspektivdə də hansısa irəliləyişin olacağı inandırıcı görünmür. Müqayisə üçün bildirək ki, “sosial evlər”in satış qiymətləri ƏDV daxil olmaqla 1 otaqlı - 29 925, 2 otaqlı - 47 282 manatdan, 3 otaqlı mənzillər üçün isə- 65 626 manatdan başlayır. Sosial ipoteka krediti hesabına mənzil alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. Ödəniş şərtləri isə bu cürdür: İllik 4 faiz olmaqla 3 aydan 30 aya qədər. İlkin ödəniş isə mənzilin ümumi qiymətinin minimum 10 faizidir. Sosial evlərdə güzəşt isə yalnız nağd ödəniş edənlər üçün nəzərdə tutulub ki, bu da 1 otaqlı mənzillər üçün 2993, 2 otaqlı mənzillər üçün 4728, 3 otaqlı mənzillər üçünsə 6563 manatdır.

Adi ipoteka krediti isə maksimum 150 min manata qədər verilir. Ödəniş müddəti 300 ay, illik faiz dərəcəsi 8 (güzəştli ipoteka 4 faiz-müəl), ilkin ödəniş isə 30 faiz nəzərdə tutulur. İstər ipoteka, istərsə də sosial evlərin şərtləri isə heç də əlçatan deyil.

Vilayət Muxtar
Cebhe.info

 

 

Mənbə: cebhe.info