BMT-nin məruzəçisi: Azərbaycan əhalisi hüquqların artan qeyri-bərabərliyi ilə üzləşir

BMT-nin məruzəçisi: Azərbaycan əhalisi hüquqların artan qeyri-bərabərliyi ilə üzləşir

"Azərbaycanda kiçik fermerler və kənd sakinləri məhsullarının satışı ilə bağlı çətinliklərdən, bazarlara çıxış problemlərindən şikayət edirlər. Məhsulu satmaq və saxlamaq imkanı olmadığına görə onlar məhsulları atmaq məcburiyyətində qalırlar."

Bu barədə BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elverin 1-11 oktyabr tarixlərində Azərbaycana səfərinin yekunlarına həsr olunmuş bəyanatında deyilir.

Elverin yekun hesabatı 2020-ci ilin martında Cenevrədə BMT İnsan Hüquqları Şurasının 43-cü sessiyasında təqdim ediləcək.

Səfərin məqsədi ölkədə qida hüququnun təmin edilməsi sahəsində vəziyyətin qiymətləndirilməsi, dialoqlar aparılması və hakimiyyət üçün tövsiyələrin hazırlanmasından ibarət idi.

Fermerlərin assosiasiya və ittifaqları olmadığına görə onlar bazarlara çıxmaqda çətinlik çəkirlər.

"Çox vaxt məhsulun tarladakı və bazardakı qiymətləri arasında böyük fərq müşahidə olunur," sənəddə qeyd edilir.

BMT eksperti qeyd edir ki, insan potensialına və təbii resurslar potensialına dəstək kifayət qədər deyil. Bu məsələlərdə sabit inkişaf insan hüquqlarına əsaslanmalıdır.

"Azad bazar istisadiyyatına keçid son illərdə ölkənin əhəmiyyətli dərəcədə irəliləməsinə töhfə versə də, bu artım hamını kifayət qədər əhatə etməyib və bütün cəmiyyət artımdan bəhrələnməyib. Azərbaycan əhalisi hüquqların artan qeyri-bərabərliyi ilə üzləşir," BMT eksperti belə hesab edir.

Yeni institusional islahatlar və vergi islahatları korrupsiyanı xeyli azaldıb, amma o, hələ də qalmaqdadır və ölkənin inkişafına mane olur.

Azərbaycan ərazisinin bir hissəsinin işğalı ölkə iqtisadiyyatına təsir edən mənfi amildir və əhali üçün stres mənbəyidir.

Azərbaycanda qida təhlükəsizliyi nöqteyi-nəzərdən insan hüquqları haqqında qanunvericilik yoxdur.

"Görüşlər zamanı müəyyən etdim ki, Azərbaycan cəmiyyətində iqtisadi, sosial və mədəni hüquqlar haqqında məlumat yoxdur, onlar təbliğ olunmur. Hətta QHT-lər bu istiqamətdə iş həyata keçirmir.

Əhali qida hüququnun nə olduğunu başa düşmür. Ümumilikdə, insan hüquqları proqramların və siyasətin tərkib hissəsi deyil. Bu istiqamətdə təcili maarifləndirmə işinə başlamaq lazımdır," o bildirib.

Azərbaycan əhalisinin 47%-i kənd yerlərində yaşayır, iş yerlərinin 39%-i fermerlik və aqrar emalla bağlıdır. Fermerlərin ÜDM-ə töhfəsi cəmi 6% təşkil etməsinə baxmayaraq, Azərbaycanın qeyri-neft sektorunda kənd təsərrüfatının payı böyükdür.

Kənd təsərrüfatı iqtisadi inkişafa təkan vermək, yeni iş yerləri yaratmaq, qida təhlükəsizliyini təmin etmək potensialına malikdir.

Belə ki, 1995-ci ildən 2005-ci ilə qədər kənd təsərrüfatında istehsal 7,7 dəfə, 2005-ci ildən 2015-ci ilə qədər isə 3,1 dəfə artıb.

"Azərbaycanda məhsul müxtəlifliyi ilə bağlı problem var. Əhalinin orta təbəqəsi böyük həcmdə ət, toyuq, düyü və çörək istehlak edir.

Amma uşaqlar kifayət qədər meyvə və tərəvəz yemir, onlar doğru qidalanma haqqında məlumatlandırılmır.

Ölkədə artıq çəki və yağlanma problem olmamasına baxmayaraq, bu problemin ilk əlamətləri artıq göz önündədir."

Qida təhlükəsizliyi ilə bağlı dünya hesabatına əsasən, 2016-2018-ci illərdə Azərbaycanda əhalinin qeyri-kafi qidalanması səviyyəsi 2,5%-dən azdır.

2018-ci ildə uşaqların 17,8%-də zəif inkişaf qeydə alınıb.

Ümumiyyətlə ölkədə əhalinin fiziki inkişafı 20%-dən az təşkil edir və Dünya Səhiyyə Təşkilatının təsnifatına görə, bu göstəricinin ictimai səhiyyə üçün böyük əhəmiyyəti yoxdur.

"Növbəti onillik həlledici əhəmiyyət kəsb edəcək. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından, Azərbaycan özü-özünü təmin edə bilmək üçün səylər göstərməli və kənd təsərrüfatı sahəsində böyük güclərdən və şirkətlərdən asılı olmamaq üçün bu sahədə müstəqilliyini gücləndirməlidir. Buna nail olmaq üçün kiçik fermerlərin bazarda rəqabət qabiliyyətini gücləndirmək həlledici əhəmiyyət kəsb edir," BMT eksperti qeyd edir.

Mənbə: www.amerikaninsesi.org