Dollara qaşrı cəbhə böyüyür: Hər kəsin özü pulu

Dollara qaşrı cəbhə böyüyür: Hər kəsin özü pulu

Rusiya ilə Türkiyə arasında milli valyutalarla ticarət əməkdaşlığı istiqamətində atılan addımlar genişləndirilməkdədir.

Əgər bir qədər əvvəl ayrı-ayrı sahələr üzrə milli valyutalardan istifadə ilə bağlı məlumatlar verilirdisə, indi artıq ölkələrarası ticarət sazişlərinin imzalanmasından söhbət gedir. Qeyd edək ki, Rusiya Maliyyə Nazirliyi, Türkiyə ilə milli valyutalarla ticarət haqqında saziş imzalandığını açıqlayıb.

Nazirliyin açıqlamasında, Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak ilə Rusiya Baş nazirinin müavini və maliyyə naziri Anton Siluanov tərəfindən imzalanan müqavilə ilə iki ölkə arasındakı ticarətdə mərhələli olaraq rubl və lirə istifadəsinin artırılacağı qeyd edilib. Müqavilə ilə maliyyə bazar infrastrukturu təşkil ediləcək.

Marja-nın məlumatına görə, açıqlamada, müqavilə sayəsində Türkiyə banklarının Rusiyanın SWIFT alternativi SPFS (Maliyyə Mesajlaşma Sistemi) ilə əlaqəsinin və Rusiyanın MIR kartının Türkiyədə istifadəsinin genişləndiriləcəyi yer alıb: "Milli pul vahidlərində likvidlik təminetmə səviyyəsini artırmaq üçün iki ölkənin milli bazarlarında Rusiya və Türkiyə şirkətlərinin borc sənədləri emissiya etmə vasitələri inkişaf etdiriləcəkdir. Müqavilənin imzalanması, Rusiya ilə Türkiyə arasında ticarət və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün mühüm bir addımdır"

Xatırladaq ki, milli valyutalarla ticarət əməkdaşlığına başlanılması məsələsi bundan əvvəl də müxtəlif vaxtlarda müxtəlif dövlətlər tərəfindən gündəmə gəlib. Alternativ sistemlərin tətbiqinin dünya ölkələrini dollar, bununla da ABŞ-ın iqtidsadi asılılığından qurtarması başlıca məqsəd olaraq götürülür. Amma bir sıra ekspertlər hesab edirlər ki, hazırda qlobal iqtisadiyyatda ABŞ valyutasının rolu o qədər möhkəmlənib ki, hələ ki, bundan tamamilə imtina etmək mümkün deyil. Eləcə də milli valyutalarla ticarət əməkdaşlığına başlayan hər hansı iki ölkədə sonda ölçü vahidi olaraq dollar amilindən istifadə etməyə məhkumdur.

Milli valyutalarla ticarət əməkdaşlığı ölkələrə, konkret olaraq Rusiya ilə Türkiyəyə hansı dividentlər gətirir? Bu cür əməkdaşlıq edən ölkələrin sıraları genişlənə, əhatə dairəsinə digərləri də daxil ola bilərlərmi?

İqtisadçı ekspert Cümşüd Nuriyev milli valyutalarla ticarət əməkdaşlığının perspektivli hesab edir. O, “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiyanın milli valyutalarla ticarət haqqında Türkiyə ilə yanaşı, Çinlə də müqavilələri mövcuddur:

“Rusiyaya qarşı qoyulan iqtisadi sanksiyalar ölkəni yeni maliyyə sistemi seçməyə məcbur etdi. MİR adlanan bu sistemdə Rusiyada xərclənən pullara nəzarət olmayacaq. Məsələn, Azərbaycandakı ödəniş kartları avtomata salınan zaman, oradan 1-2 manat xərclənsə belə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, maliyyə qurumları ondan xəbər tuta bilir. Çünki bu Amerikan-ekspress sistemidir. Buna görə də Rusiya özü üçün yeni sistem hazırladı, Çin də bu sistemə keçib. Türkiyə, İran da bu sistemə keçmək istəyir. Məsələ ondadır ki, bu ölkələrdə maliyyə sabitliyi pozulub. Hətta Qazaxıstanda da bu sistemə keçməklə bağlı qərar verir. Çünki Rusiyanın sistemi daha təhlükəsizdir. Doğrudur, bu sistemdə Rusiyanın izləməsi məsələsi ortaya çıxır, amma sistemdə hər bir ölkələrin milli valyutalarına nəzarət etmə mexanizmi var və Rusiyanın buna müdaxilə etməsi mümkünsüzdür. Rusiya Azərbaycanla da belə bir müqavilə imzalamaq niyyətindədir”

İqtisadçı deyir ki, bu sistemə keçid milli valyutaların regional valyutaya çevirilməsi ilə nəticələnəcək:

“Digər tərəfdən bu üzən məzənnələrin müəyyən koridor çərçivəsində saxlanmasına imkan yaradacaq ki, əvəllər baş vermiş inflyasiyalar təkrarlanmasın. Bununla maliyyə sabitliyi formalaşacaq və ölkənin milli valyutasının kursunu nəzarət altında saxlamaq mümkün olacaq. Rusiyanın bağladığı bu müqavilələrin başlıca məqsədi ABŞ dollarından qurtulmaqdır. Məlum olduğu kimi, 1944-cü ildə ABŞ dolları dünyaya sırımışdı, 1976-cı ildə SSRİ dolların dəyərini saldığına görə, Birləşmiş Ştatlar paralel olaraq, Avropa İttifaqının avrosunu, Çinin yenini, İngiltərənin funt-sterlinqini də qəbul etməyə məcbur oldu. Yəni 4 fərqli kurs müəyyən olundu. İndi Çin yuanı, Avstraliya, Kanada dolları, İsveçərənin frankı da bura daxil edildi. Yəni dünyada çoxşaxəli kurs sistemi formalaşıb. Rusiya, Türkiyə, Qazaxıstan da bu sistemdə öz milli valyutalarını görmək istəyirlər. Çünki bu ölkələrin hər birinin əraziləri böyükdür, kifayət qədər resursları var. Eləcə də bu ölkələr yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. Onların bu yolu seçməsi ABŞ-ın iqtisadi asılılığını azaldacaq və onları iqtisadi cəhətdən daha azad ölkəyə çevirəcək. ABŞ bu ölkələri o qədər sıxdı ki, çıxış yolu tapmağa məcbur oldular. Hələ ki, indiki dövr üçün bu uğurlu yoldur”.

Dollar asılılığından qurtulmaq mümkün olacaqmı?

Çümşüd Nuriyev hesab edir ki, bu bir qədər çətin olsa da, mümkündür:

“1913-cü ilə qədər 7 il ərzində “Masson” təşkilatı tərəfindən ABŞ bankları şantaj edildi. Bu günə qədər də Federal Rezerv Sistemi ABŞ hökumətinə tabe deyil. Onlar heç bir iqtisadi resursa söykənməyən dolları dünyaya sırıdılar. Əvvəllər bunun qızıl dəyəri olsa da, 1944-cü ildə bu dəyər də aradan qaldırıldı. Yəni ABŞ dünyanı kağızdan hər hansı fərqi olmayan dollarla idarə edir. Dolların çapına 2 sent xərclənir, bank da onun üzərinə 1 sent qoyaraq trilyonlar çap edirlər. Həmin dollar kredit şəklində dövlətə 3 sentə satılır, dövlət isə onu Mərkəzi Banka 4 sentə verir. Mərkəzi Bank isə 7 faizlə verir. Bununla pulun dövriyyə sürəti artır, ABŞ da bundan yararlanır. Əsas məqsəd də dünyanı kağızla idarə etməkdir. Etiraf edək ki, 100 ildən artıqdır ki, ABŞ bunu bacarır. Amma zaman-zaman bu cür hegemonluq cəhdlərində bulunan ölkələrin sonu pis qurtarıb. Səddam Hüseyni, Liviyanın rəhbəri Müəmmar Qəddafini, SSRİ-ni misal gətirmək olar. Bütün bunların arxasında böyük qurp - “Beşinci kolon” dayanır. Amma indi dünya o qədər qloballaşıb ki, artıq “Beşinci kolon” da gizli bir missiyanı həyata keçirə bilmir. Nəzərə alsaq ki, Rusiya və Çin də həmin “loja”-dan məlumatlıdır, hesab edirəm ki, dolların vəziyyəti daha da pisləşəcək. Çünki dünyanı dollarla idarə etmək məsələsi yaxın zamanlarda aradan çıxacaq. İngiltərənin Avropa İttifaqından çıxacağını qeyd edərək, demək olar ki, onun funt-sterlinqi də dövriyyədə rol oynaya bilməyəcək, avronu isə ABŞ-ın özü gücdən salmağa çalışır. Yeni qüvvələr meydana çıxacaq ki, onlardan da biri Rusiya, digəri isə Çindir”.

Xatirə Nəsirova
Cebhe.info

 

 

Mənbə: cebhe.info