Sənədiz evlərin sığortalanması qeyri-mümkündür – Ekspertdən Açıqlama

Sənədiz evlərin sığortalanması qeyri-mümkündür –  Ekspertdən Açıqlama

18 oktyabr, Fineko/abc.az. Gələn ildən mənzillərini sığortalanmayanların cərimələnəcəyi barədə bir neçə gün əvvəl xəbər vermişdik. Sözügedən xəbər sənədsiz evləri yenidən gündəmə gətirib. Belə ki, bəziləri iddia edir ki, hazırda xeyli sənədsiz evlər mövcuddur ki, bu da mənzillərin sığortalanmasını çətinləşdirən amildir.

Bəs görəsən sənədsiz evlər necə sığortalanacaq?

Bu sualla sığorta üzrə ekspert Xəyal Məmmədxanlıya müraciət etdik. Ekspert suala cavab verməzdən əvvəl ABC.AZ saytına bildirdi ki, əslində sözügedən qanun 2011 ci ildə qəbul olunub və icbari sığortalar haqqında qanunun xüsusi hissəsində ''Daşnmaz əmlakın icbari sığortası'' məsələləri öz əksini tapıb.

X. Məmmədxanlı qeyd etdi ki, hətta İnzibati Xətalar Məcəlləsinə görə cərimə məbləğləri də o zamandan müəyyən edilib. “Sadəcə olaraq, hüquqi şəxslərə münasibətdə icbari sığorta az-çox işləsə də, fiziki şəxslərə münasibətdə qanun işləmirdi. Yalnız, daşınmaz əmlak üzərində müəyyən notarial hərəkətlər edərkən icbari sığorta müqaviləsini bağlamağa məcbur olurdular. Əsas problem odur ki, İcbari Sığorta Bürosu (İSB) ilə Dövlət Əmlak Komitəsinin reyestr məlumatları inteqrasiya olunmamışdı, bu da müqavilələrin İSB vasitəsilə buraxılmasına maneə yaradırdı. Hal-hazırda bu məsələ öz həllini tapmaq üzrədir. Yəni avtomobildə olduğu kimi burda da çıxarışdakı unikal kodu müqaviləyə daxil edən kimi o həmin əmlaka dair bütün məlumatları əmlak reyestrindən çəkib gətirəcək və müqavilənin bağlanması daha asan olacaq” deyə ekspert bildirib. Sənədsiz evlərin sığortalanması məsələsinə gəlincə X. Məmmədxanlı bunun ciddi problem olduğunu qeyd etdi: “Təkcə Bakı və Abşeron ərazisində 100 minlərlə sənədsiz tikili mövcuddur. Həmin evlərin mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədlər olmadığına görə onların sığortalanması demək olar ki, qeyri-mümkündür. Və təbii ki, onların cərimə olunması da mümkünsüzdür. Hal - hazırda hökumət səviyyəsində sənədsiz tikililərin sənədləşdirilməsi istiqamətində ciddi işlər aparılır. Bu işin başa çatdırılması nəinki daşınmaz əmlakın sığortası sahəsində, hətta onlarla digər sahələrində olan mövcud problemləri aradan qaldıracaq”.

Müəllif: Elmir Murad

Mənbə: abc.az