Zaqatalalı fermerlər bu il soyanın əkin sahəsini iki dəfədən çox artırıblar

Zaqatalalı fermerlər bu il soyanın əkin sahəsini iki dəfədən çox artırıblar

Zaqatala, 20 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatalalı fermerlər builki mövsümdə 231 hektar sahədə soya əkiblər. Bitkinin əkin sahəsi ötən illə müqayisədə 2,3 dəfə artıb. Hazırda təsərrüfatlarda soya biçini davam edir. Fermerlər indiyədək 70 hektar sahənin məhsulunu biçiblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Rəşad Məmmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, hər il ölkəmizə xaricdən min tonlarla soya bitkisi idxal olunur. Dövlətimizin başçısının idxaldan asılılığın azaldılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri nəzərə alaraq, zaqatalalı fermerlər artıq üçüncü ildir ki, soya bitkisinin əkininə maraq göstərirlər. Ötən il təsərrüfatlarda 100 hektar sahədə soya əkilib, 194 ton məhsul istehsal olunub. Bu il məhsul istehsalının bir neçə dəfə artacağı proqnozlaşdırılır.

R.Məmmədovun sözlərinə görə, soya yüksək rentabelli və qiymətli bitkidir. Xüsusilə, heyvandarlığın, quşçuluğun inkişaf etdirilməsində, bu sahələrin yem təminatında, məhsuldarlığın artırılmasında soya bitkisi mühüm rol oynayır. Soya unu mal-qara üçün çox dəyərli yem hesab olunur. Soya dənindən, həmçinin yağ, marqarin, pendir, süd, un, qənnadı məmulatı və başqa məhsullar da alınır.

Mənbə: azertag.az