Mehmet Cahit Turhan: "BTQ ilə ilk üç il ərzində illik 3 milyon tonluq yük daşınacaq"

Mehmet Cahit Turhan: "BTQ ilə ilk üç il ərzində illik 3 milyon tonluq yük daşınacaq"

“Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti üzrə Avropaya gedən qatar artıq Çindən start götürüb və noyabrın 6-da Türkiyə üzərindən Avropaya doğru hərəkət edəcək”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Tbilisi İpək Yolu Forumu çərçivəsində Gürcüstanda səfərdə olan Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmiroylu layihəsi ilə gələcəkdə sərnişin daşımalarının həyata keçirilməsi regionda iqtisadi əlaqələri fərqli səviyyəyə qaldıracaq və sülhün möhkəmləndirilməsinə töhvə verəcək.

“Artıq BTQ və onun tamamlayıcı xətləri ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb. Əlbəttə, bu proses davam edəcək. BTQ Şərqlə Qərb arasında əlaqələr üçün çox böyük mənfəətlər verəcək nəqliyyat dəhlizidir. Biz bu dəhliz vasitəsi ilə ilk üç il ərzində illik 3 milyon tonluq yük daşımasını gözləyirik. Layihənin digər mərhələlərinin də tamamlanmasından sonra dəhliz vasitəsi ilə ildə 17 milyon ton yük daşınacaq. Nəticədə koridor üzərində yerləşən ölkələr böyük iqitsadi mənfəətlər əldə edəcəklər”.

Sözügedən koridordan sadəcə, yük daşınmayacağını deyən nazir vurğulayıb ki, dəhlizin istifadəyə verilməsindən sonra BTQ və onun davamındakı dəmir yolu xətləri ilə daha rahat, daha sürətli və daha qənaətcil dəmiryolu sərnişindaşımaları xidməti təqdim ediləcək: “Bu region ölkələri arasında turizm əlaqələrini inkişaf etdirəcək, turizm iqtisadiyyatı artacaq, xalqlar arasında mədəni inteqrasiya güclənəcək. Nəticədə, BTQ regiona iqtisadi, mədəni inkişafına və sülhün qorunmasına töhvə verəcək”.

Mənbə: apa.az