Naxçıvanda ümumi daxili məhsulun istehsalı 1,5 faiz artıb

Naxçıvanda ümumi daxili məhsulun istehsalı 1,5 faiz artıb

Cari ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 2 milyard 61 milyon 771 min manata yaxın olub.

"Report" Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur.

Muxtar respublikada hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artaraq 4508 manatı ötüb.

Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,8 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 56,4 faiz təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 1,3 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,4 faiz, kənd təsərrüfatı məhsulu 4,1 faiz, nəqliyyat sektorunda yük daşınması 2,4 faiz, informasiya və rabitə xidmətləri 2,7 faiz artıb.

Mənbə: report.az