Hesablardan pulun nağd çıxarılması artır - PALATA DEMOTİVASİYA TƏDBİRLƏRİ TƏKLİF EDİR

1% nağdlaşdırma vergisinə baxmayaraq hüquqi və fiziki şəxslərin pul vəsaitlərini bank hesablarından nağd qaydada çıxarmaları artıb.

“Marja” Hesablama Palatasına istinadən xəbər verir ki, 2018-ci ildə hüquqi və fiziki şəxslər (əhali sektoru istisna olmaqla) tərəfindən nağdlaşdırılan vəsaitin təxmini məbləği 2,9 milyard manat (o cümlədən, hüquqi şəxslər üzrə 2,7 milyard manata, fiziki şəxslər üzrə 0,2 milyard manata) bərabər olub. Rəqəmin 2019-cu ilin sonuna 3 milyard manat (o cümlədən, hüquqi şəxslər üzrə 2,8 milyard manat, fiziki şəxslər üzrə 0,2 milyard manat) olacağı gözlənilir. Eyni zamanda 2020-ci il üçün isə 3,6 milyard manat (o cümlədən, hüquqi şəxslər üzrə 3,4 milyard manat, fiziki şəxslər üzrə 0,2 milyard manat) məbləğində proqnozlaşdırılır.

2019-ci ilin yanvar-avqust aylarında bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 milyard manat və ya 19% artaraq 2,5 milyard manat (o cümlədən, hüquqi şəxslər üzrə 2,4 milyard manat, fiziki şəxslər üzrə 0,1 milyard manat) təşkil etmişdir.

Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatlarına əsasən 2019-cu ilin yanvar-avqust aylarında dövriyyədə olan nağd pulların həcmi ümumilikdə 9,3 milyard manata, dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti isə 81,4%-ə çatmışdır ki, bu da əvvəlki ilin analoji göstəricilərindən, müvafiq olaraq 1,8 milyard manat və 0,9 faiz bəndi çoxdur.

Göstərilənləri nəzərə alaraq, Hesablama Palatası pul vəsaitlərini bank hesablarından nağdlaşdıran vergi ödəyiciləri üzrə demotivasiya (eyni zamanda, nağdsız əməliyyatlara üstünlük verilməsini təşviq edən motivasiya) tədbirlərinin gücləndirilməsini təklif edir.

Marja.az

ƏVVƏLKİ XƏBƏR

Bolton Konqresi təhdid etdi: Əgər çağırılsam...

SONRAKI XƏBƏR

Dadaşlinskinin bioqrafiyası ilk dəfə üzə çıxdı