Ətin qiymətini baha edən SƏBƏBLƏR

Ətin qiymətini baha edən SƏBƏBLƏR

“Heyvan və quş ətinin 4 il müddətinə ƏDV-dən azad edilməsi bu sahədəki problemin tam həlli deyil”.

Cebhe.info-ya açıqlamasında bunu iqtisadçı-ekspert Nicat Nəsirli deyib:

“Əgər ölkədə ətin maya dəyəri baha başa gəlirsə, onu ƏDV-dən azad etmək problemi kökündən həll etməyəcək. Problemin kökündə yemçilik, damazlıq işinin təşkili, genetik göstəricilərin yüksəldilməsi, örüş, otlaq və biçənək sahələrinin artırılması həyata keçirilməlidir ki, ətin qiyməti ucuzlaşsın.

ƏDV-dən azad olunma satış məsələsinə tətbiq olunub. Satış da istehsalın son fazasıdır. Ətin ƏDV-dən azad olunması sosial ədalət prinsipi baxımından bazarda bahalaşmanın qarşısını almaq üçün atılmış addımdır. Deyə bilmərik ki, bu addımla ətin qiyməti ucuzlaşacaq. Çünki ətə olan tələbat artır. Ucuzlaşmanın təmin edilməsi üçün kompleks tədbirlər planı həyata keçirilməlidir. Kompleks tədbirlərə ölkədə kənd təsərrüfatının hədəfləri qarşısında duran problemlərdən heyvanların cins tərkibinin dəyişdirilməsi daxildir.

Heyvandarlıqda yalnız fenotip göstəricilərini yox, genotip göstəricilərini də dəyişmək lazımdır. Bizim heyvanlarda ət çıxımı dünya göstəricilərindən çox aşağıdır. Eyni zamanda burada əsas vacib istiqamətlərdən biri yemçilikdir. İlk növbədə qüvvəli yemçilik sistemi qurmalıyıq ki, yem ucuz başa gəlsin. Xüsusən quşçuluq sahəsində yemçilik məsələsi böyük problemdir. Qiymətlər aşağı düşməli və əlçatan olmalıdır. Bu da sadaladığımız tədbirlərin həyata keçirilməsi nəticəsində mümkündür”.

Əli Bədir
Cebhe.info

 

 

Mənbə: cebhe.info