Metropolitençilər peşə bayramlarını qeyd ediblər

Metropolitençilər peşə bayramlarını qeyd ediblər

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Bakı metropolitenin fəaliyyətə başlamasının 52-ci ildönümü və metropolitençilərin peşə bayramı münasibətilə “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzinin iclas zalında təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət himninin səsləndirilməsindən sonra “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov yeraltı yolların inşaatçılarını və istismarçılarını peşə bayramı münasibətilə təbrik edib. Bu əlamətdar tarix ərəfəsində 17 metropolitençinin “Fəxri metropolitençi” adına layiq görüldüyünü deyib.

İnsan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov QSC sədri Zaur Hüseynovun bu münasibətlə imzaladığı əmrlə tədbirə toplaşanları tanış edərək, onlara təbriklərini çatdırıb.

Daha sonra Hidayət Məmmədov il ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. O, cari ilin on ayı ərzində plandan 3 milyondan artıq sərnişin daşınmasını Bakı metropolitenindən istifadə edənlərin inam, etimad və etibarının nümunəsi adlandırıb. “Bakı metropoliteni o xoşbəxt sahələrdəndir ki, dövlətin və birbaşa dövlət başçısının qayğı və diqqəti ilə əhatə olunub. Bunun bariz nümunəsi ölkə rəhbərinin daim bu yeniliklərə əyani tanış olması, işlərin gedişini şəxsən nəzarət altında saxlamasıdır”, - deyən sədr müavini daim yeniləşən metropolitendə “Bakmil” və “Xətai” stansiyalarının əsaslı təmir və yenidən qurulmadan sonra yaradılan şəraitlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsən tanış olmasını buna bariz nümunə kimi vurğulayıb. Hazırda “Xətai-Cəfər Cabbarlı” mənzili və ”Cəfər Cabbarlı” stansiyasının II yolunda əsaslı təmir və yenidənqurma işləri davam edir.

2019-cu ilin uğurlarından bəhs edən çıxışçı vaqon parkının yenilənməsi baxımından əhəmiyyətli yenilikləri də qeyd edib. Bu xüsusda əvvəlki 3 il ərzində alınandan da çox 30 yeni tipli vaqonun Bakıya gətirilməsindən, bununla da lokomotiv parkının 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənməsindən söz açıb. Qarşıdakı 3 ildə bu proses davamlı olaraq aparılacaq və bu müddətdə daha 60 vaqon gətiriləcək.

O, yenidənqurma tədbirləri nəticəsində “Nərimanov” elektrik deposunun funksionallığını artırmaqla yeni istismar, istehsalat, təmir və yenidənqurma sahələri yaradılmasını vurğulayıb. Bu sırada yeni inşa olunmuş vaqonların əsaslı təmiri sexi və yeni anbar təsərrüfatı sahəsi, yenidən qurulmuş və infrastrukturu müasir tələblər səviyyəsinə çatdırılan vaqonların cari təmiri sexi xüsusi qeyd oluna bilər. 2019-cu ildə vaqonların əsaslı təmir sexində 10 vaqon orta təmir olunaraq modernləşdirilib.

H.Məmmədov Prezident İlham Əliyevin tapşırığı əsasında Bakı metropolitenində dizel-generator stansiyalarının qurulması ilə unikal ehtiyat elektrik enerji mənbələri yaradıldığını, artıq yüksək gərginlikli elektrik enerjisinin verilişi kəsiləndə də metro sərnişinlərinə xidmət göstərəcəyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Qatarların yeni idarəetmə sistemlərindən söz açan məruzəçi Fransanın “Thales” şirkətinin Bakı metropoliteninin “Bənövşəyi” xətti üçün nəzərdə tutulmuş müasir sistemlərin qurulmasını, fəaliyyətdə olan 2 stansiyasında ən müasir sistemlərin tətbiqini də xüsusi vurğulayıb. Artıq bu sistemlərin digər xətlərdə də tətbiqinin təməli qoyulub. Depo ərazisində orijinal mühəndis layihə həlli ilə seçilən yeni mərkəzləşmə məntəqəsinin inşası başa çatıb. “Ox sayğacı” bazasında yeni sistemin quraşdırılmasına və mərhələli bir sistemdən digərinə keçid başlanıb.

H. Məmmədov bildirib ki, metropolitenin təlim-tədris mərkəzinin əsaslı təmiri və metropolitenin kadr hazırlığının yüksək səviyyədə təşkil edilməsi olub.

O, 2019-cu ili ən əhəmiyyətli sosial layihələr ili adlandırıb. Bu xüsusda aprel ayından metropoliten tarixinin ən böyük sosial əhəmiyyətli layihəsi də həyata vəsiqə alıb. Artıq Bakı metropoliteni əlil arabasından istifadə edənlərə əlçatandır.

Metronun gələcək inkişafı, tikinti sahələrində işlərin vəziyyəti “Bakı Metropoliteni” QSC sədrinin tikinti üzrə müşaviri Məzahir Nəbiyevin çıxışında öz əksini tapıb. Metro inşaatçıları adından tədbir iştirakçılarının peşə bayramını təbrik edən M.Nəbiyev bu il metropolitenin yeni xətlərinin tikintisində, istismarda olan sahələrdə, həmçinin “Nərimanov” deposunda böyük həcmdə görülən işlər, “Bakmil”, “Xətai” stansiyasında aparılan yenidənqurma və təmir-bərpa işlərinin nəzərdə tutulan vaxtda uğurla başa çatdırılaraq, tam yenilənmiş formada, müasir dövrün tələblərinə uyğun şəkildə sərnişinlərin istifadəsinə verilməsini qeyd edib. “Bənövşəyi” xəttin 3-cü stansiyasında və Xocəsən deposunda isə işlər davam edir.

Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov müəssisə əməkçilərinin sosial problemlərinin həlli istiqamətində, asudə vaxtlarının, məzuniyyət dövrünün səmərəliyinin daha da yüksəldilməsində müəssisə rəhbərliyi və həmkarlar təşkilatının son bir ildə həyata keçirdiyi tədbirlər, metropolitendə təşkil edilən sosialyönümlü layihələr barədə danışıb.

Sonra Arif Mərdanov metropolitendə “İlin maşinisti” devizi altında keçirilən müsabiqənin yekunu barədə məlumat verib. Bu il müsabiqənin qalibi Hüseyn Hüseynov elan edilib və QSC sədri Zaur Hüseynovun iştirakı ilə ona müvafiq diplom və mükafat təqdim edilib.

Mənbə: azertag.az