Heyvan ətinin satışı ƏDV-dən azad olunur - Vergilər məcəlləsinə 164 dəyişiklik təklif edilib

ƏDV-dən azad olunmaların əhatəsi genişlənir.

Atv.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan Vergilər Məcəlləsinə 164 dəyişiklik nəzərdə tutulub.

Quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, heyvan ətinin satışının isə 4 il ərzində ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Vergilər Məcəlləsinə təklif edilən digər dəyişikliyə əsasən yem və yem əlavələrinin də ƏDV-dən azad olunması gözlənilir. Digər təklifə əsasən qeydiyyatda olduğu və özünəməxsus evi satanlar üçün də vergi yükü azaldıla bilər. Azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti isə 3 təqvim ilinə endirilməsi də təkliflər sırasındadır.

Millət vəkili Vahid Əhmədov hesab edir ki, təklif olunan dəyişikliklər qiymət artımının qarşısını alacaq, hətta bəzi sahələrdə qiymətlərin aşağı salınması gözlənilir. Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan Vergilər Məcəlləsinə dəyişikliklər plenar iclasa tövsiyə olunub.

Vahid Əhmədov-Millət vəkili: “Ətin vergidən azad edilməsi bazarda qiymətlərdə müəyyən qədər müsbət təsirini göstərəcək. 2-cisi bina tikənlər demək olar ki, bina tikiləndən sonra müəyyən hissəsini dövlətə verirlər. Dövlət verilən hissədə vergidən tamamilə azad edilir. İnsanlar hansı ki, xüsusi mülkiyyətində evlər var, özəlləşdirilib, o evlərdə 30 kv metr hissəsi ƏDV azad edilir. Hesab edirəm daxili bazara müəyyən qiymətlərə öz müsbət təsirini göstərəcək”.

Mikayıl Cabbarov-İqtisadiyyat naziri: “Fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadrat metri olan sahəsinin istisnasız vergidən azad edilməsi kimi nəzərdə tuturuq. Peşə təhsili müəsisələri üçün dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin azad edilməsi”.

Atv.az

ƏVVƏLKİ XƏBƏR

Gəncədə narkomaniyaya qarşı mübarizəyə dair tədbir keçirilib

SONRAKI XƏBƏR

Rusiya siyasi rəqiblərini məhv edir - Pompeo