“ŞİMAL AXINI-2” LAYİHƏSİNİN BAŞQA HANSI PROBLEMLƏRİ QALDI

“ŞİMAL AXINI-2” LAYİHƏSİNİN BAŞQA HANSI PROBLEMLƏRİ QALDI

İki il yarımdır davam edən müzakirələrdən sonra Danimarka iqtisadi zonasında “Şimal axını – 2” layihəsinin çəkilişinə, nəhayət, icazə verib. Bu da qaz kəmərinin tikinti işlərinin başa çatdırılması istiqamətində sonuncu maneəni aradan qaldırıb. Bu barədə Sergey Kapitonov “RBC” agentliyində yazır.

Artıq tikintidə iştirak edən şirkətlər Amerika sanksiyalarından ehtiyat etməyə bilər, çünki işlərin başa çatmasına az vaxt qalıb. Lakin boru kəmərinin gələcək istismarı ilə bağlı ciddi problemlər qalmaqdadır.

Mayda AB-nin 2009-cu il tarixli Qaz direktivinə dəyişikliklər qüvvəyə minib. İndi Avropa qanunvericiliyinin bütün qaydaları üçüncü ölkələrin nəinki quru kəmərlərinə, eyni zamanda dəniz kəmərlərinə də şamil edilməlidir. Bura qaz tədarükçüsü ilə nəqliyyat şirkətinin funksiyalarının bir-birindən ayrılması, üçüncü ölkələrin istehsal obyektlərinə çıxış imkanı ilə təmin edilməsi, qeyri-diskriminasion tariflər və şəffaflıq daxildir.

“Qazprom” uzun müddətdir quru qaz kəmərlərini AB qaydalarına uyğun işlədir. Üçüncü ölkələrdən AB-ə dəniz qaz kəmərlərinin sayı çoxdur. Aralıq dənizi ilə Liviya və Əlcəzairdən, Şimal dənizi ilə Norveçdən marşrutlar var. “TAP” qaz kəməri inşa edilir. Həmin marşrutla Azərbaycan qazı Cənubi Avropa ölkələrinə tədarük ediləcək. Və ən nəhayət, “Şimal axını – 1” fəaliyyət göstərir. Direktivə edilən düzəlişlərə əsasən, qaydalar 23 may 2019-cu ildən sonra tikilən qaz kəmərlərinə şamil edilir. Belə çıxır ki, dəyişiklik sırf “Şimal axını – 2” layihəsini hədəf alıb.

Bundan yan keçmək mümkündürmü? Məqalə müəllifi ən azı dörd mümkün ssenarinin olduğunu qeyd edir.

“Birinci və ən mümkün variant Rusiyadan qaz ixracının liberallaşdırılmasıdır. Bu halda artıq Ust-Luqada, Rusiya sahilində boruda müxtəlif tədarükçülərin qazı olacaq. Bu da Avropa qaydalarına tam cavab verəcək, eyni zamanda Rusiyada mövcud siyasi-iqtisadi balansı məhv edəcək”, - məqalədə deyirli.

“İkinci ssenari alman qanunvericiliyi çərçivəsində problemin həll edilməsidir. Hazırda bundestaq bu məsələnin üzərində işləyir. Qaz direktivinə düzəlişlər qüvvəyə mindikdən sonra AB-ə üzv olan ölkələrin enerji qanunvericiliklərini Avropanın tələblərinə uyğunlaşdırmaq üçün 9 ayı var (23 fevral 2020-ci ilədək). Berlində incə bir dəyişiklik nəzərdə tutulub: “23 may 2019-cu ilədək inşa edilən qaz kəmərləri”ni “investisiyaları 23 may 2019-cu ilədək həyata keçirilən” qaz kəmərləri adlandırmaq planlaşdırılır. Belə olduğu təqdirdə “Şimal axını – 2” AB qaydalarından yan keçəcək, belə ki, onun investisiya dövrü direktivə olunan düzəlişlərdən əvvəl başlayıb”, - ekspert qeyd edir.

“Üçüncü ssenari Almaniyanın ərazi sularında 12 millik sahədə müstəqil qaz nəqliyyat operatorunun yaradılmasıdır. Yəni, “Qazprom” rus qazını Baltik dənizinin neytral suları ilə nəql edir, Almaniyanın dəniz sərhədini keçəndə nəqliyyat şirkətinin funksiyaları başqa oyunçuya ötürülür”, - Kapitonov yazır.

“Dördüncü ssenari daha çox nəzəri xarakter daşıyır. Bu zaman Qaz direktivinə düzəlişlər ya ləğv edilir, ya da “Şimal axını – 2” layihəsi hansısa yolla başqa qaz kəmərləri ilə bərabər hüquq əldə edir. Layihənin operator şirkəti “Nord Stream 2 AG” hələ yayda Avropa məhkəməsinə, sentyabrın sonu isə Arbitraj məhkəməsinə müraciət edib, diksriminasion düzəlişin ləğv edilməsini xahiş edib.

İstənilən halda, layihə iştirakçıları əmin ola bilər ki, qaz kəməri tikilib başa çatdırılacaq. İstismar məsələsi artıq hüquqşünasların bacarığından və Almaniyanın sənaye lobbisinin gücündən asılıdır. Almaniya dünyanın ən böyük tranzitçi ölkəsi olmağa hazırlaşır. Bu səbəbdən “Şimal axını – 2” layihəsinə olan marağı çox böyükdür.

Mənbə: www.xpressa.net