GƏLƏCƏK RƏQƏMSAL VALYUTA MÜHARİBƏSİNİN ƏN YÜKSƏK TƏKLİFLƏRİ

GƏLƏCƏK RƏQƏMSAL VALYUTA MÜHARİBƏSİNİN ƏN YÜKSƏK TƏKLİFLƏRİ

“Bu yaxınlarda ABŞ Konqresinə gələcək nəsil ödəmə texnologiyalarının nizamlanmasında Amerikanın monopoliyası olmadığını söyləyən “Facebook” şirkətinin baş direktoru Mark Zukerberq (Mark Zuckerberg) qismən haqlıdır. Zukerberqin ideyası belədir: “Facebook” şirkətinin planlaşdırdığı (psevdo) “Libra” kriptovalyutası xoşunuza gəlməyə bilər, ancaq Çinin qlobal ambisiyalara malik rəqəmsal valyutası, çox güman, bir neçə həftədən sonra meydana çıxacaq və o, dəqiq sizin xoşunuza gəlməyəcək”, - Kennet Roqof (Kenneth Rogoff) “Project Syndicate”-də yazır.

“Amerikanın dərin, likvid bazarları, onun güclü qurumları və qanunun aliliyi normaları valyuta bazarında Çinin dominantlıq cəhdləri üzərində qələbəni hələ uzun müddət təmin edəcək. Amma gizli iqtisadiyyata nəzarət tamam başqa məsələdir. Əsasən vergidən yayınma halları, cinayətkar fəaliyyət, həmçinin terrorizm fəaliyyətindən ibarət qlobal gizli iqtisadiyyatın ölçüləri leqal iqtisadiyyat ilə müqayisədə (ehtimallara əsasən beş dəfə) kiçik olsa da, ciddi təsir gücünə malikdir. Və problem kimin valyutasının dominantlıq etməsində deyil, neqativ nəticələri minimallaşdırmaq lazımdır”, - məqalədə deyilir.

“Amerika tərəfindən tənzimlənən rəqəmsal valyutadan ABŞ hökumətinin əməliyyatları izləmək imkanı təqdim etməsini tələb etmək olar. Belə olduğu halda, Şimali Koreya rusiyalı alimləri nüvə layihələrinə cəlb etmək üçün bu valyutadan istifadə etmək istədikdə, İran terrorçuların fəaliyyətinə maliyyə yardımı göstərdikdə əməliyyatların üstü açılacaq”, - ekspert qeyd edir.

“Niyə mövcud kriptovalyutalar, məsələn “bitcoin” həmin funksiyaları yerinə yetirə bilmir? Müəyyən mənada, son dərəcə məhdud çərçivədə onlar bu funksiyaları yerinə yetirirlər. Ancaq bütün dünyada tənzimləyicilərin kriptovalyutaları məhdudlaşdırmaq, onların banklarda və pərakəndə ticarətdə istifadəsini qadağa etmək üçün kifayət qədər tutarlı səbəbləri var”, - müəllif xatırladır.

Roqof yazır ki, “Libra” ən azından bir çox inkişaf etmiş ölkədə mərkəzi bankları kütləvi pərakəndə rəqəmsal valyutaların yaradılması ilə bağlı proqramın həyata keçirilməsini tezləşdirməyə həvəsləndirib. Bu proqramların maliyyə inklüzivliyini artırmaq istiqamətində səyləri aktivləşdirəcəyi gözlənilir. Nəticə etibarilə, bu, pul çapından gələn gəlir uğrunda mübarizə deyil. Bu mübarizə dövlətin prinsip etibarilə iqtisadiyyatı tənzimləmək və vergi tətbiq etmək imkanını, habelə beynəlxalq siyasətdə məqsədlərinə çatmaq üçün dolların qlobal rolundan istifadə etmək imkanını saxlamaq uğrunda gedən mübarizədir”.

Nəşr xatırladır ki, bu gün ABŞ 12 ölkəyə qarşı maliyyə sanksiyası tətbiq edir. Oktyabrda Türkiyə Suriyanın kürdlərin nəzarətində olan bölgələrinə hücum etdikdən sonra qısa müddətlik sanksiyalara məruz qalıb, sonradan bu qərar ləğv edilib. Rusiyaya qarşı sanksiya paketi isə artıq beş ildir davam edir.

“Ola bilsin, “Libra” Çin və ya hər hansı başqa ölkənin rəqəmsal valyutasının özü ilə birlikdə gətirəcəyi radikal dəyişikliklərə doğru cavab deyil. Belədirsə, onda qərb dövlətləri gec olmadan artıq indidən öz cavabları barədə düşünməlidir”, - məqalənin sonunda deyilir.

Mənbə: www.xpressa.net