AMEA-nın Gəncə Bölməsinin rəsmi veb-saytının təqdimatı olub

AMEA-nın Gəncə Bölməsinin rəsmi veb-saytının təqdimatı olub

Bakı, 14 noyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın Gəncə Bölməsinin rəsmi veb-saytının təqdimat mərasimi keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxışında ameagb.az saytının bütün texniki tələblərə cavab verdiyini söyləyib. Saytda təhlükəsizlik qaydalarına riayət edilməli, müəlliflik hüquqları qorunmalıdır. Akademiyanın elmi müəssisə və təşkilatlarının veb-saytlarında Azərbaycan elmində baş verən yeniliklər dolğun şəkildə işıqlandırılmalıdır.

Mühəndis-proqramlaşdırıcı Aqşin Paşayev qeyd edib ki, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən sayt “Xəbərlər”, “Elanlar”, “Bölmə haqqında”, “İnstitutlar”, “Elmi fəaliyyət”, “Qalereya”, “Nəşrlər” bölmələrindən ibarətdir. Ən son texnologiyalar əsasında yaradılmış saytda əhatəli axtarış sistemi və xəritə mövcuddur. Saytdan sosial şəbəkələrə birbaşa keçid imkanı da var.

Digər çıxış edənlər saytın dizayn, proqram və informasiya təminatı baxımından yüksək səviyyədə hazırlandığını, müasir tələblərə cavab verdiyini diqqətə çatdırıblar.

Sonda İnformasiya Texnologiyaları İnstitutunda ameagb.az saytının idarə olunması üzrə təlim kursunda fəal iştirak edən əməkdaşlara sertifikat verilib.

Mənbə: azertag.az