Azərbaycan reytinq agentliklərinin hesabatlarında yüksək yerlərdə qərarlaşıb

Azərbaycan reytinq agentliklərinin hesabatlarında yüksək yerlərdə qərarlaşıb

Əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir. Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər. Mənim Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlərim deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın aparıcı iqtisadi-maliyyə institutlarının, iqtisadi azadlıq səviyyəsini tədqiq edən mərkəzlərin diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.
Beynəlxalq reytinq agentliklərinin proqnozları da bir daha təsdiqləyir ki, Azərbaycan artıq iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülən, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olub və bütün bunlar dövlətimizin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən, Azərbaycanın uğurlu gələcəyindən xəbər verir.
Prezident İlham Əliyev Bakıda Dünya dini liderlərinin II sammitində söylədiyi nitqində də bu barədə ətraflı danışıb: “Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. 2003-cü ildən bu günə qədər ölkə iqtisadiyyatı 3,2 dəfə artmışdır, savadlılıq 100 faizə yaxındır, yoxsulluq son 16 il ərzində təxminən 50 faizdən 5 faizə düşmüşdür. Azərbaycan texnoloji inkişafa böyük önəm verir və bu gün dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür, üç peykimiz var. Önəmli nəqliyyat layihələri icra edilir. Bu layihələr, sadəcə olaraq, nəqliyyat layihələri deyil, bu, əməkdaşlıq layihələridir. Çünki nəqliyyat elə bir sahədir ki, qonşu ölkələr və digər bölgə ölkələri bir-birindən asılı olurlar. Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkə kimi artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir–Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir”.

Xatırladaq ki, təkcə bu ilin ötən aylarında dünyanın aparıcı iqtisadi-maliyyə institutlarının, beynəlxalq reytinq agentliklərinin hesabatlarında ölkəmizin sosial-iqtisadi həyatı ilə bağlı ayrı-ayrı sahələrdə əldə edilən uğurlar yüksək dəyərləndirilib, gələcək inkişafla bağlı müsbət proqnozlar verilib. Məsələn, Dünya Bankının “Doing Business 2020” hesabatına Azərbaycanın ötən ildə olduğu kimi, bu il də 20 ən islahatçı ölkə sırasında qərarlaşdığı yer alıb. Eyni zamanda, həmin hesabatda Azərbaycandan başqa ilk 25-likdə olan heç bir ölkənin top-20 siyahısına daxil edilmədiyi vurğulanıb.
Azərbaycanın cari il apardığı bir sıra islahatların növbəti “Doing Business” hesabatında nəzərə alınması proqnozlaşdırılır. Bunlara misal olaraq tikinti obyektinin inşasına və istismarına icazələrin alınması üzrə elektron müraciət sisteminin tətbiqini, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət qurumları arasında inteqrasiyanın təmin edilməsi ilə cəmi 1 prosedurla 20 dəqiqə ərzində vahid platformada qeydiyyatın tamamlanmasını, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə elektron müraciət sisteminin təkmilləşdirilməsi əsasında cəmi 2 prosedurla 20 gün ərzində qoşulmanın gerçəkləşdirilməsini qeyd etmək olar. Əlavə olaraq, “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi imkanının yaradılması, gömrük bəyannamələrinin doldurulmasının daha da sadələşdirilməsi, dövlət satınalmaları üzrə elektron satınalma portalının hazırlanması, Vergi Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi və digər yeniliklərin də növbəti “Doing Business” hesabatında nəzərə alınacağı gözlənilir.
Ekspertlər bildirirlər ki, aparılan kompleks islahatlar nəticəsində “Doing Business” və digər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin irəliləməsi ölkənin investisiya cəlbediciliyini artırmaqla qeyri-neft sektoruna sərmayə qoyuluşunu asanlaşdırır. Belə ki, respublikamız 270 milyard dollardan çox sərmayə cəlb etməklə hər nəfərə düşən sərmayə həcminə görə regionun lider ölkəsidir. Bu ilin ilk 9 ayında da qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilən vəsaitlər 8,9 faiz artaraq 6,3 milyard manatı üstələyib. Sərmayə cəlbinin artması isə həm yeni iş yerlərinin yaradılması, həm də əhalinin sosial rifah halının yaxşılaşdırılması deməkdir.
Azərbaycanın son vaxtlar əldə etdiyi digər bir uğuru da qeyd edə bilərik. Bu, respublikamızın yol infrastrukturunun keyfiyyətinə görə, Avropa ölkələrini qabaqlaması ilə bağlıdır. Belə ki, Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “Yol infrastrukturunun keyfiyyəti” göstəricisində 141 ölkə arasında 27-ci yeri tutub. Respublikamız bu göstəricidə Türkiyə (31-ci yer), Böyük Britaniya (36-cı yer), Litva (39-cu yer), İtaliya (53-ci yer) kimi ölkələri qabaqlayıb.
Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “Əqli mülkiyyətin qorunması” göstəricisində 141 ölkə arasında 30-cu yerdə qərarlaşıb. Respublikamız bu göstəricidə Portuqaliya (32-ci yer), Çexiya (34-cü yer), Sloveniya (38-ci yer) kimi ölkələri qabaqlayıb.
Azərbaycan həmin reytinqdə, həmçinin qonşu ölkələrdən də irəli keçib. Belə ki, bu siyahıda Türkiyə 87-ci, Rusiya 90-cı, Gürcüstan 94-cü, İran isə 136-cı yeri tutub.
Başqa bir reytinq göstəricisinə də diqqət yetirək. Azərbaycan “Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019” hesabatında daha 14 pillə irəliləyərək 125 ölkə arasında 43-cü yerdə qərarlaşmaqla Baltik ölkələri istisna olmaqla, postsovet məkanında birinci olub.
Xatırladaq ki, “Qlobal İstedad Rəqabətliliyi İndeksi” hesabatı altı indikator əsasında hesablanır: istedada yaradılan şərait, istedadın cəlb edilməsi, istedadın inkişafı, istedadın ölkədə qalmasının təmin olunması, peşə və texniki təhsil, yüksək ixtisaslar. Azərbaycanın bu indikatorlar üzrə ən yüksək reytinqi peşə və texniki təhsil (25-ci yer), ən aşağı reytinqi isə istedadın inkişafı (81-ci yer) üzrədir. Digər indikatorlar üzrə vəziyyətimiz isə belə olub: istedada yaradılan şərait 48-ci, istedadın cəlb edilməsi 44-cü, istedadın ölkədə qalmasının təmin olunması 41-ci və yüksək ixtisaslar 68-ci yer.
Onu da deyək ki, bu hesabatın məqsədi innovasiya, artım və rəqabətliliyi gücləndirmək üçün fərdlərin və komandaların potensialı və istedadı ətrafında qlobal müzakirə açmaqdır. Xüsusilə sahibkarlıq istedadını araşdıran hesabatda Azərbaycanın öncüllüyü Prezident İlham Əliyevin “qara qızıl”ın insan kapitalına çevrilməsi və sahibkarlığın inkişafı siyasətinin birbaşa nəticəsidir. Təkcə 2019-cu ildə həyata keçirilən 2 inqilabi sosial paket birbaşa insan kapitalına qoyulan sərmayədir və dövlətimizin başçısının siyasətinin mərkəzində insan amilinin olmasını göstərir.
Yeri gəlmişkən, “Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019” hesabatı dünyanın lider universitetlərindən olan INSEAD Biznes Məktəbi, “The Adecco Group” və “Tata Communications” tərəfindən hazırlanıb.
Real sektorun digər sahələri üzrə də ölkəmizin reytinqi xeyli yüksəkdir. Məsələn, Azərbaycan “Avianəqliyyat xidmətlərinin səmərəliliyi”ndə 129 ölkəni geridə qoyaraq 12-ci olub. “Dəniz limanları xidmətlərinin səmərəliliyi” indeksinə görə isə dünya üzrə 25-ci yerdə qərarlaşıb və MDB-də birinci yeri tutub.

 

“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com