Hindistan biznes nümayəndə heyəti Bakıda səfərdədir

Hindistan biznes nümayəndə heyəti Bakıda səfərdədir

Hindistanın aparıcı biznes palatalarından biri olan Hindistan Sənaye Konfederasiyasının (CII) 6 üzvdən ibarət biznes nümayəndə heyəti Bakıda işgüzar səfərdə olublar. Nümayəndə heyəti energetika, enerji, turizm, təhsil, tikinti və kənd təsərrüfatı kimi əsas sektorlarda fəaliyyət göstərən şirkətlərin nümayəndələrindən ibarət idi.

Olaylar.az bildirir ki, Hindistanın Bakıdakı Səfirliyi tərəfindən fəal şəkildə dəstəklənən səfər müddətində ticarət nümayəndə heyəti Bakı Limanı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), AZPROMO və Azərbaycanın Ticarət və Sənaye Palatasının rəsmiləri ilə görüşlər keçirdi. Nümayəndə heyəti həmçinin, Sumqayıt Sənaye Parkını ziyarət edərək Sumqayıt Kimya Sənaye Parkı MMC-nin direktor müavini ilə müzakirələr apardı.

50-dən çox şirkətin iştirak etdiyi, 21 noyabr, 2019-cu il tarixində Hindistan Səfirliyi tərəfindən təşkil olunan B2B görüşlər biznes əlaqələrinin qurulması üçün çox yaxşı imkan yaratdı. Axşam təşkil olunan Biznes Simpozium, energetika, elektrik enerjisi, kənd təsərrüfatı, turizm və s. sahələrdə fəaliyyət göstərən 60-dan çox şirkətin nümayəndələrini bir araya topladı. Hindistan Sənaye Konfederasiyası nümayəndə heyətinin əhəmiyyətini vurğulayan Hindistan səfiri cənab B. Vanlalvavna Azərbaycanda aparılan islahatlar və biznes mühitinin sürətlə təkmilləşməsi nəticəsində Hindistan şirkətlərinin Azərbaycan bazarında öz fəaliyyətlərini genişləndirməyə artan maraq göstərdiyini qeyd etdi. Hindistanda baş verən iqtisadi dəyişiklikləri vurğulayan səfir, mövcud biznes ve investisiya imkanları haqqında qısa məlumat verdi.

Biznes Simpoziumda çıxış edən Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirinin müavini cənab Novruz Quliyev iki ölkə arasında ikitərəfli ticarətin həcminin mövcud potensialdan aşağı olmasını qeyd edərək biznes əlaqələrinin inkişaf etdirilməsinə ehtiyac olduğunu nəzərə çatdırdı. O, energetika, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə, mədəniyyət, informasiya texnologiyası və nəqliyyat və s. kimi hər iki ölkə şirkətlərinin əlaqələrini genişləndirə biləcəyi sahələri vurğuladı.

Özəl, ictimai və kiçik və orta sahibkarlıq sektorlarından 9 000-dən çox üzvü, 300 000-dən çox qeyri-müstəqim üzvlüyü və Avstraliya, Birləşmiş Krallıq, Almaniya, Sinqapur kimi ölkələrdə 11 xarici ofisi olan Hindistan Sənaye Konfederasiyası, Hindistanın ən böyük biznes palatalarından biridir.

 

Hindistan Sənaye Konfederasiyası nümayəndə heyətinin bu səfərindən öncə 2019-cu ilin mart ayında Hindistan PHD Ticarət və Palatasının (PHDCCI) rəhbərlik etdiyi 75 şirkətin təmsil olundğu nümayəndə heyəti və 1-2 iyul, 2019-cu il tarixində Hindistan İxrac Təşkilatları Federasiyasının (FIEO) və Hindistan PHD Ticarət və Palatasının (PHDCCI) 28 üzvdən ibarət birgə çox məhsullu biznes nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdi.

Mənbə: olaylar.az