“Nikoil Bank”ın adı dəyişdirildi

“Nikoil Bank”ın adı dəyişdirildi

“Nikoil Bank"ın adı dəyişdirilib. Bankdan "Qafqazinfo"ya verilən məlumata görə, "Nikoil Bank" rebrendinq prossesinə başlayıb və bu yenilik öz əksini bankın adında, müştərilərə göstəriləcək xidmət səviyyəsində, eyni zamanda da bankın yeni filiallarının artımında tapacaq.

Bankın yeni adı Yelo - ingilis sözü Yellow-nun (sarı) stilizə olunmuş təsfiridir. Yeni ad göstərilən bank xidmətlərinin fərqli bir yanaşmasını, rəngarəngliyini, rahatlığını simvollaşdırır və Parlaq Bankçılıq şuarı altında həyata keçir. Sarı rəng həmçinin bankın yeni korporativ stilinin rəmzidir. Yeni Yelo Bank daha da parlaq, çevik, sürətli, rahat anlaşılan, etibarlı və ən əsası da dostсasına rəftar edən bank olacaq. Bankın yeni baxışı Azərbaycan sakinlərinin bank təcrübəsini yeniləyərək onların daha böyük nailiyyətlər əldə etmələrinə köməklik göstərməyi nəzərdə tutur.

Yeni ada və korporativ stilə keçid tədricən baş tutacaq və gələn ilin aprel ayında tamamlanmağı nəzərdə tutulur. İlkin mərhələdə yeni loqotip rəsmi sənədlərdə və fərdi ünsiyyət elementlərində əks olunacaq. Reklam kommunikasiyalarında köhnə bank loqotipi bir müddət istifadə ediləcək. Bundan sonrakı aylarda filialların, bankomatların, web-səhifələrin, reklam materialların dizaynı tamamilə yenilənəcək və Yelo Bank ilə əvəzlənəcək. Bankın rebrendinqi tanınmış London agentliyi Winkreative tərəfindən həyata keçirilib.

Bankın əsas səhmdarı, tanınmış Azərbaycan mənşəli iş adamı Ələkbərov Vahid Yusif oğlu bankın işçilərini uğurlu yenilənmə başlanğıcı ilə təbrik edib: "Yelo Bank yalnız yeni bir ad və yeni rəng deyil. Bu, iki ildir davam edən işlərin təzahürüdür və bunun nəticəsində bankın keyfiyyətcə müasir səviyyəyə keçməyə hazır olmasıdır. Əminəm ki, yeni Yelo Bank etibarlı və sürətli inkişaf edən bir maliyyə qurum kimi Azərbaycanın bank bazarında layiqli yer tutacaq. Bankın əsas səhmdarı olaraq hər zaman bu banka dəstək olacam!".

Bankın Müşahidə Şurasının sədri Marina V. Kulişova da yeniliklə bağlı fikirlərini bildirib: "Bizim strategiyamıza əsasən, Yelo Bank mikro, kiçik və orta sahibkarlara, fiziki şəxslərə xidmət göstərməyə və kredit verməyə yönlənəcək. Biz bu seqment üçün ən cəlbedici bank olmaq istəyirik və öz resurslarımızı yenilikçi, müasir maliyyə xidmətlərinin həyata keçirilməsi üçün istifadə etməyə hazırıq. Bununla Yelo Bank Azərbaycanın bank sektorunun ümumi inkişafına öz töhfəsini verəcəkdir ".

Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia qeyd edib ki, bankın komandası yeni ad, rəng və bizim üçün vacib olan bu yeniliyinin arxasında olan məna ilə ilhamlanır.

Mənbə: qafqazinfo.az