Azərbaycanda "sovet maşınları" kəskin bahalaşacaq - SƏBƏB

Azərbaycanda "sovet maşınları" kəskin bahalaşacaq - SƏBƏB

Rusiyanın avtomobil bazarında 2020-ci ildə kəskin bahalaşma proqnozlaşdırılır.

Azərbaycana avtomobil idxal edən ölkələr sırasında mühüm yerlərdən birini qonşu Rusiya tutur. Qiymətlərin uyğun olması və texniki təmirinin az xərc tələb etməsi əsasən gənclər arasında “sovet maşınları”na marağın azalmasına imkan vermir. Görəsən, bu nəhəng avtomobil istehsal və idxalçısında baş verən bahalaşmalar Azərbaycan maşın bazarına da təsir edə bilərmi?

İqtisadçı ekspert Pərviz Heydərov Lent.az -a bildirib ki, bahalaşma yalnız Rusiya istehsalı olan avtomobillərə təsir edə bilər:

“Rusiyanın avtomobil bazarındakı bahalaşma Azərbaycanda bu ölkədən idxal olunan avtomobillərin bahalaşmasına təsir edə bilər. Amma Rusiyanın maşın bazarındakı qiymətlərin artması və ya enməsinin Azərbaycan bazarına təsiri mümkün deyil. Məlumdur ki, Azərbaycanda satılan avtomobillər arasında Rusiya istehsalı olanlar xüsusi yer tutur. Həmin avtomobillərə kifayət qədər tələbat var. Məhz bu tələbat onsuz da qonşu ölkə istehsalı olan avtomobillərin baha olmasını təmin edir. Təbii ki, Rusiyada maşın bazarındakı vəziyyət növbəti bahalaşma dalğası yarada bilər. Söhbət bilavasitə Rusiya istehsalı olan nəqliyyat vasitələrindən gedir. Əlavə bahalaşma gözləmirəm. Digər xarici markaların, başqa ölkələrdən idxal olunan avtonəqliyyat vasitələrinin qiymətlərində heç bir dəyişiklik baş verməyəcək”.

Qeyd edək ki, Rusiya hökumət üzvlərinin təsdiqi əsasında 2020-ci ildən avtomobillərin utilizasiyası başlayacaq. Mütəxəssislərin fikrincə, proqramın həyata keçirilməsi ölkədə avtomobillərin kəskin bahalaşmasına səbəb olacaq. Ekspertlərin sözlərinə görə, ən kiçik qiymət artımı mühərriki 1.2 litr arası olan maşınlara təsir edəcək. 3.5 litr gücündə olan mühərriklərin isə daha çox bahalaşmaya məruz qalacağı gözlənilir.

Mənbə: lent.az